- Baxış sayı: 90
- 03 Dekabr 2025 11:42
- Baxış sayı: 35
- Dekabr 10, 2025
- 0

Koreya Respublikasının Busan şəhərində Ümumdünya antidopinq agentliyinin (VADA) İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı iştirak ediblər. 191 ölkədən 2 minədək iştirakçının qatıldığı konfrans idman hərəkatının, hökumətlərin, milli və regional antidopinq təşkilatlarının və laboratoriyaların nümayəndələrini, həmçinin tədqiqatçıları bir araya toplayıb.
İştirakçılar 2019-cu ildə Polşanın Katovitse şəhərində keçirilmiş dünya konfransından sonra əldə edilmiş tərəqqi və gücləndirilmiş qlobal antidopinq proqramının irəliləməsini qiymətləndiriblər.
Konfransda “Yeni ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartların tətbiqinə dəstək” adlı plenar sessiyada çıxış edən AMADA-nın icraçı direktoru gələn il ölkəmizdə keçiriləcək VADA-nın Avropa üzrə ilk regional simpoziumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın təmiz idman sahəsində əldə etdiyi nailiyyətlərdən, paytaxt Bakının mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb.
Konfrans 2027-ci il antidopinq məcəlləsinin və beynəlxalq standartların idarəetmə orqanları olan təsisçilər şurası və icraiyyə komitəsi tərəfindən təsdiqlənməsi ilə yekunlaşıb. Təmiz idmanın vacibliyini vurğulayan və antidopinqlə bağlı bütün maraqlı tərəfləri effektiv əməkdaşlığa və idmançıları dəstəkləməyə çağıran “Busan bəyannaməsi” də qəbul edilib.
Yeni qaydalar Qadağan edilmiş maddələrin siyahısını, Terapevtik istifadə üçün istisnaları, dopinq nəzarəti prosedurlarını, nəticələrin emalını və məlumatların qorunması kimi sahələri əhatə edəcək. Yeni ümumdünya antidopinq məcəlləsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2033-cü ilədək qüvvədə olacaq.