AMADA və TDMK əməkdaşlığı genişləndirir

Xəbər verdiyimiz kimi, Azərbaycan milli antidopinq agentliyinin dəvəti ilə Türkiyə dopinqlə mübarizə komissiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Allsport.az saytı xəbər verir ki, TDMK-nın rəhbəri professor Rüştü Günərin rəhbərlik etdiyi 6 nəfərdən ibarət nümayəndə heyətinin səfərinin məqsədi iki ölkənin milli antdopinq təşkilatları arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi olub.

AMADA-nın idarəsində 2 qurumun rəhbər heyətinin iştirakı ilə görüş keçirilib. AMADA-nın direktoru Şəfəq Hüseynli qonaqları salamlayaraq bildirib ki, yerli və qlobal müstəvidə dopinqlə mübarizədə milli antidopinq təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. AMADA digər tərəfdaşlarla əlaqələrə hər zaman xüsusi əhəmiyyət verir və öz təcrübələrini bölüşməyə hazırdır.

TDMK-nın direktoru professor Rüştü Günər isə bildirib ki, AMADA-nın qısa müddət ərzində keçdiyi inkişaf yolunu böyük maraqla izləyir və təqdir edirlər. 6 il ərzində AMADA nəyinki peşəkar dopinq nəzarəti sistemi yaradıb, eyni zamanda qlobal səviyyədə dopinqlə mübarizəyə töhfə verən bir qurum kimi nüfuz qazanıb. Rüştü Güner bildirib ki, TDMK üçün AMADA-nın həyata keçirdiyi beynəlxalq layihələr, dopinqlə mübarizədə tətbiq etdiyi innovativ üsullar xüsusi ilə maraq kəsb edir. Bu və digər bütün sahələrdə təcrübə mübadiləsi hər iki qurum üçün faydalı olacaq.

Sonra hər iki qurumun əməkdaşları antdidopinq maarifləndirməsi, test etmə, antidopinq elmi araşdırmaları,  antidopinq icraatları və antidopinq təhqiqatları sahələri ilə bağlı qarşılıqlı təqdimatlar ediblər.  Müzakirələrin nəticəsi olaraq bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davamlı olaraq aparılmasına qərara verilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti AMADA-nın ölkədə fəaliyyət göstərən  idman qurumlarının mətbuat  katibləri üçün təşkil etdiyi antidopinq seminarında da iştirak edib. Əsas antidopinq anlayışları, antidopinq icraatlarının hüquqi aspektləri və qida əlavələrinin yaratdığı risklər mövzusunda keçirilən tədbirdə  ölkədə fəaliyyət göstərən idman federasiyaları və peşəkar futbol klublarının mətbuat katibləri üçün xüsusi təqdimatlar edilib.

Bu mövzularda həmçinin Türkiyə təcrübəsi ilə bağlı məlumatlar verilib, müzakirələr keçirilib və iştirakçıların sualları cavablandırılıb. Səfər çərçivəsində qonaqlar həmçinin Bakı atıcılıq mərkəzində olublar. Burada Avropanın ən böyük atıcılıq mərkəzlərindən biri olan kompleks barədə qonaqlara ətraflı məlumat verilib və onlar idmançıların nümunəvi çıxışlarını izləyiblər. Sonda isə qonaqlar Heydər Əliyev mərkəzində olub, buradakı muzey və sərgilərlə tanış olublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish