Aslanla tülkü oyunu?

“CBC Sport”un daimi eksperti Aslan Kərimov kanaldan uzaqlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, bu səhər hər iki tərəf bilgini təsdiqləyib. Sabiq futbolçunun milli haqqında tənqidi çıxışına görə işdən olduğu ehtimal edilir. Çox güman, kanalın sahiblərindən olan AFFA rəhbərliyinin xoşuna gəlməyib və onu yola salmaq lazım bilinib. Futbolinfo.az-a görə, həm kanal rəhbərliyi, həm də səbəbkar bu məqamı gizlətməyə çalışır, dost kimi ayrılma görüntüsü yaradır. “CBC Sport”un baş direktoru Volkan Üstün qol.az-a açıqlamaları çox maraqlıdır. Aşkar görünür ki, türkiyəli məmur yalan danışır, ağalarından tapşırıq aldığı üçün bu addımın atıldığını gizlətməyə cəhd edir. 

Sitat: “Aslan Kərimovla iki il əməkdaşlıq etdik. Bundan məmnunuq. Sadəcə, efir rəngarəngliyininin artırılması üçün onunla müqavilə uzadılmadı. Çempionatın sonuna yaxınlaşırıq. Gərgin oyunlar gedir. Buna görə də hər dəfə eyni adamın deyil, müxtəlif ekspertlərin şərhinə yer vermək istəyirik. Bir müddət telekanalımızda daimi ekspert olmayacaq. Növbəti layihələrimizdə isə Aslan Kərimovu telekanalımızda görmək istərdik”. 

Mövüsümün sonunda belə addım atılmaz. Ümumən, əməkdaşlıq indi dayandırılırsa, bu, qeyri-peşəkarlıqdır. Müqavilə bağlananda apreldən-aprelə olmur, mövsümlük razılaşdırılır. Elə deyilsə, rəsmi müqavilə açıqlansın. Aslan Kərimov AFFA-da rəhbəri olduğu məşqçilik kurslarından da uzaqlaşdırıla biləcəyi haqda ehtimalımızı təkzib etməyib:

“Hə, bu barədə də danışırlar. Düzü, mənə indiyə qədər kimsə zəng vurub deməyib ki, sən düzgün işləmirsən. Heç vaxt belə münasibət görməmişəm. Əksinə, dəfələrlə UEFA, federasiya rəhbərliyi tərəfindən bizim gördüyümüz işə xoş münasibət bildirilib, bunu yüksək qiymətləndiriblər. Bu baxımdan məlumatların necə yayıldığını deyə bilmərəm. Çünki mən belə şey hiss etməmişəm. Bəlkə bundan sonra çağırıb deyəcəklər ki, daha lazım deyilsən. Bu da baş verə bilər. Amma hazırkı vəziyyətə görə işimin başındayam”.

Həmin kateqoriyadan