“Avropa birinciliyinə hazırlıq yüksək səviyyədə gedir”

Yeniyetmə taekvondo millisi noyabrın 25-28-də Maltada qitə Avropa birinciliyinə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə ötən aydan başlayan təlim-məşq son mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, hər şey plana uyğun davam edir: “Hazırlıqlar yüksək səviyyədə gedir. Avropa birinciliyində uğur qazanmağımız üçün hər bir şərait yaradılıb. Sevindirici məqam odur ki, uşaqlar da yarışda inamlı çıxış üçün yorulmadan məşq edirlər və güvənəcəyimiz idmançılar arasında zədədən əziyyət çəkən yoxdur”.

Baş məşqçi qeyd edib ki, yarışa yollanacaq taekvondoçular müəyyən təcrübəyə malikdirlər: “Onlarında aralarında dünya çempionu və mükafatçıları da var. Lakin hər şey Maltada – dayanq üzərində bilinəcək. Komandamızın üzvlərinə güvənirik. İnanıram ki, Vətənə medallarla qayıdacağıq”.

Rəşad Məmmədov Avropa birinciliyində geniş heyətlə təmsil olunacaqlarını da deyib. Onun sözlərinə görə, Maltada ölkəmizin idman şərəfini 17 taekvondoçunun qoruyacağı planlaşdırılır.

Qeyd edək ki, yarışa yollanacaq heyət son məşqlərdən sonra dəqiqləşəcək.

Həmin kateqoriyadan