Azərbaycan AÇ-2020 üçün yeni stadion tikəcək?

Gənclər və idman naziri Azad Rəhimov 2020-ci ildə həmçinin Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı üçün yeni stadion tikintisi məsələsinə aydınlıq gətirib. Allsport.az xəbər verir ki, Rəhimov “Trend”ə açıqlamasında hazırda 68 minlik Bakı Olimpiya Stadionunun tikintisinin başa çatmaq üzrə olduğunu, Tofiq Bəhramov adına Respublika stadionunun isə ən yüksək standartlara cavab verdiyini bildirib:

“Əlbəttə, müəyyən tələblərə əsasən bəzi stadionlarda yenidənqurma işləri aparıla bilər. Əminəm ki, yarışlardan əvvəl FIFA və UEFA təmsilçiləri Azərbaycana səfər edəcək və hazırlıq işləri ilə yaxından tanış olacaqlar. Ehtiyac yaranacağı təqdirdə əlavə işlər görülə bilər. Lakin Avropa çempionatı üçün Bakıda tamamilə yeni stadionun inşası qeyri-realdır. Düşünmürəm ki, biz bunu etməli olacağıq”.

Nazir deyib ki, Bakı Olimpiya Stadionunda işlərin 93-95 faizi başa çatıb: “Xüsusilə qeyd etmək istəyirəm ki, Bakı Olimpiya Stadionu Avropa Oyunları üçün tikilən qurğulardan yeganə obyektdir ki, yoxlama yarışları keçirilməyəcək”.

Qeyd edək ki, AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib. Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.

Bu şəhərlərdən 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək. Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AÇ-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.

Həmin kateqoriyadan