Azərbaycan həndbol federasiyasının rəhbərliyi yüksək təşkilatçılığa görə mükafatlandırılıb

Bak idman sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmalar keçirilib. 7-8-ci yerlər uğrunda oyunda Gürcüstan millisi ilə görüşən Yunanıstan həndbolçuları 29:17 hesabı ilə qələbə qazanıblar.

Bosniya və Hersoqovina seçməsi 5-6-cı yerlər uğrunda oyunda İsrail millisinə çətinliklə qalib gəlib – 32:31. Litva – Farer adaları matçında 32:27 hesablı qələbə çalan litvalılar çempionatı 3-cü pillədə başa vurublar.

Yarışın qalibi İspaniya – Sloveniya görüşündə müəyyənləşib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda pireneylilər daha inamlı təsir bağışlayıblar. Bunun məntiqi nəticəsi kimi 28:20 qalib gələrək, Avropa çempionluğuna yetişiblər.

Final qarşılaşmasından sonra mükafatlandırma keçirilib. Mərasimdə Avropa həndbol federasiyasının nümayəndəsi Ştefan Lövqren çıxış edərək, Bakıda keçirilən qitə çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Təşkilatçılığa görə AHF-nin fəaliyyətini qiymətləndirən qonaq, İspaniya komandasını çempion olması münasibətilə təbrik edib. O, digər komandalara da göstərdiyi oyuna görə təşəkkür edib.

Çempionatın ən yaxşı oyunçularına, həmçinin yarışın hakimlərinə və EHF nümayəndələrinə, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan həndbol federasiyasının nümayəndələrinə hədiyyələr verildikdən sonra, qalib komandaların üzvlərinə medallar təqdim olunub.

Nəticələrə əsasən İspaniya komandası qızıl, Sloveniya kollektivi gümüş, Litva həndbolçuları isə bürünc medallara layiq görülüb.

Medalları idmançılara Avropa həndbol federasiyasının nümayəndəsi Ştefan Lövqren, Azərbaycan həndbol federasiyasının vitse prezidenti Orxan Abbasov və baş katib Yusif Atakişiyev təqdim ediblər.

Həmin kateqoriyadan