Azərbaycan kubokunda ilklərlə zəngin final

Azərbaycan kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici görüşün iştirakçılarını müəyyənləşdirib. Allsport.az saytı xəbər verir ki, mayın 25-də baş tutacaq finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Sonuncular “Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə “İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.

Bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci “Qızıl dubl”unu rəsmiləşdirmək, “Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.

Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn “Qarabağ”la “Neftçi” kimi “Kəpəz” – “Qarabağ” (1997/98, 1999/2000), “Neftçi” – “Şəmkir” (1998/99, 2003/04) və  “Xəzər Lənkəran” – “İnter” (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda – adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.

Daha bir ilkə “Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan “ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. “Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, “Kəpəz”, “İnter” və “Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. “Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.

Ümumilikdə, ən çox final oynayan “Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib.

Həmin kateqoriyadan