Azərbaycan voleybolunun canlı əfsanəsi: Heydər Əliyev dünya səviyyəsində siyasətçi idi

“Öz komandamı, böyüdüyüm şəhəri nəyinsə qarşılığında atmağa razılaşmırdım”

Azərbaycan idmanının canlı əfsanəsi İnna Rıskal moscow-baku.ru-ya müsahibə verib. Allsport.az saytı apasport.az-a istinadən xəbər verir ki, hazırda Moskvada yaşayan olimpiya oyunlarının 2-qat qızıl və 2 dəfə gümüş medalçısı karyerası haqda və Bakı xatirələrindən danışıb.

– Son illər həyatınızda qəmli anlar yaşanır. Amma söhbətə ağır günlərinizdən deyil, möhtəşəm keçmişinizdən başlayaq. Böyük Vətən Müharibəsindən sonrakı Bakı yaddaşınızda necə qalıb? Atanızın motosikletində gəzdiyiniz küçələri necə xatırlayırsınız?
– Atamı Bakıda sükan arxasında həyatından qorxmayan biri – “Smertnik” kimi tanıyırdılar. Valeri Rıskal motosikletini ağıla gəlməz sürətlə idarə edirdi və maraqlısı odu ki, heç vaxt qəza törətməyib. Onda maşın az idi. Buna baxmayaraq, hər vəziyyətdən çıxmağı bacarırdı. Məni motosikletinə oturdanda qorxudan bükülüb, atamın kürəyindən möhkəm yapışırdım. Onu bütün milislər tanıyırdı, amma heç biri saxlamırdı. Hətta ona “çest” də verib, “Valera-can, salam” deyirdilər. Öz dövrünün ən cəlbedici bakılılarından idi. Deyə bilərəm ki, müharibədən sonra Bakı ən təhlükəli şəhərə çevrilmişdi. Uşaq-muşaq padşahlıq edirdi. İnsanlar məhəllə-məhəlləyə, küçə-küçəyə dalaşırdılar. Belə davalara atam həmişə birinci girirdi. O, belə davalarda uşaqlıqdan ad çıxarmışdı. Bu bir dəfə onun bacısı Qalyanı da xilas edib. Gecə saatlarında Qalya evə qayıdırmış və skamyada pis kompaniya – banditlər əyləşibmiş. Onlar bir neçə nəfər imiş. Belə vəziyyətdə qızın başına çox şey gələ bilərmiş. Qalya hətta ən pis hərəkətə özünü hazırlayıbmış və bu an qeyri-adi bir şey baş verib. Həmin oğlanlardan biri digərinə azərbaycanca deyib ki, onunla işiniz olmasın, “Smertnik”in bacısıdı. Qalya da sakitcə yoluna davam edib və həmin insanlar yerindən belə tərpənməyiblər. Atama hətta onunla savaşan insanlar da cəsarətinə görə hörmət edirdilər. Onun qarşısında baş əyirdilər. Atam böyük avtoritet idi.

– Voleybolu ilk baxışdan sevdiniz?
– Mən əvvəlcə gimnastika və atletika ilə maraqlanırdım. Ancaq məni insanlara doğru çəkirdilər, özümü komandada göstərmək istəyirdim. Məni voleybola çağıranda da məmnuniyyətlə oraya yollandım. Komanda ilə Olimpiya Oyunlarında fəxri kürsüyə kimi qalxdım. Çox sevinirdim. O qədər qızın içində daha çox diqqəti hiss edirdim. Həmin vaxt bunun qarşısında necə yaşadığımı bilmirəm. Yəqin ki, müasirlik baxımdan gülməli çıxır. Ancaq həmin vaxt biz piar sözünü eşitməmişdik. Voleybolu pula görə yox, möhtəşəm ölkəmiz, hamımızın fəxr etdiyimiz SSRİ-yə görə oynayırdıq. SSRİ-də həyat çox əla idi. Heydər Əliyev Azərbaycanın çox qeydinə qalırdı. O, dünya səviyyəsində siyasətçi idi. Çox ağıllı, incə və mehriban insan idi. Bir də Leonid Brejnev. O, Heydər Əliyevə çox dəyər verirdi. Brejnev Bakıya gəlməyi xoşlayırdı. Ölümündən qabaq – görünür, bunu hiss edirmiş – Bakıya bizimlə sağollaşmağa gəlmişdi. Biz mərkəzdə yaşayırdıq. Evimizin qarşısında maşın dayandı və qarşısına Heydər Əliyev çıxdı. Onun qolundan tutub, evə gətirdi. Bu, 2 əsl insanın güclü və isti münasibətini göstərirdi.

– Siz sanki Nikolay Karpol kimi bu cümləni deməyə hazırsız: Mən ancaq bir ölkədə yaşamaq istəyirəm, o isə hazırda yoxdu.
– Əlbəttə! Düzdü o vaxt bizim belə inanılmaz qonorarlarımız olmurdu. Amma biz pula görə oynamırdıq. Biz fəxri kürsüdə göz yaşları ilə dayanırdıq və bu, səmimi və iftixardan doğan göz yaşları idi. SSRİ-ni bərbad günə qoyanlar cinayətkarlardı. Bu cür düşünənlər tək mən deyiləm. O cür möhtəşəm dövlətin dağılmaq prosesi başlayanda qonşularla öz aramızda söhbət edirdik. Bakıda ruslar, yəhudilər, azərbaycanlılar, ləzgilər, gürcülər, ermənilər və dağıstanlılar dostcasına yaşayırdıq. Orda milliyyətə fikir verilmirdi. Hamı bir-birinə mehriban münasibət göstərirdi. Mən müsəlman deyiləm. Buna baxmayaraq, Qurban bayramı indiyə kimi ən sevimli bayramım olaraq qalıb. Çünki qonşularımız elə təamlar hazırlayırdılar və bizi də qonaq edirdilər. Müsəlmanlardan çox şey öyrəndim. Onlar heç vaxt öz valideynlərini atmırlar. Babalar, nənələr, nəvələr həmişə bir yerdə olurlar. Bakıda Qocalar evi, hətta Uşaqlar evi də yox idi. Onlar müharibədən sonra yarandı. Çünki bütün ailə müharibədə həlak oldu və uşaqlara baxacaq kimsə qalmadı. Əgər müharibə olmasaydı, belə hal heç vaxt olmazdı. Ona görə də mən Bakıdan heç vaxt getmək istəmirdim. Mənə nələr vəd edirdilər ki… Sovet İttifaqının yüksək rütbəli məmurları gəlib mənə Moskvada evin açarını verirdilər. Amma mən belə şeyə sərt mövqe tutmuşdum. Öz komandamı, böyüdüyüm şəhəri nəyinsə qarşılığında atmağa razılaşmırdım.

– Sizin məşhur zərbəniz haqda sual vermək istərdim. Həmin zərbədən sonra “Xəzər şimşəyi” ləqəbini də aldız. Meydanda sakit dayandığınız halda, birdən ani sıçrayış etdiz…
– Çiyinlərim çox möhkəm idi. Amma illər keçdikcə zərbəm zəiflədi. Artıq 30 yaşıma çatanda əvvəlki kimi deyildim.

– Çimərlikdə bir dəfə məzəli hadisə baş verib. Az qala məşhur zərbənizlə bir nəfəri öldürəcəkmişsiz.
– Heç kimi öldürmək fikrim yox idi. Hazırda internetin aktiv istifadəçisiyəm və bir bakılının həmin xatirəsini mən də oxumuşam. Hər şey onun danışdığı kimi olub.

– Həmin insan yazmışdı: Mən ilk dəfə “Xəzər şimşəyi” ilə canlı görüşürdüm…
– Hadisəni danışım sizə. Mən komanda yoldaşımla dəniz sahilində günəş şüası qəbul edirdim və bir qədər aralıda azərbaycanlı uşaqlar voleybol oynayırdılar. Biz onlara fikir vermirdik, onlar isə… Bunu bilmək lazımdı ki, gənc bakılılar qızlara, xüsusilə sarısaç xanımlara çox diqqət göstərirlər. Qızların olduğu yerdə sakit oynamağı bacarmırlar. Belə anlarda onların hansı üsullardan istifadə etdikləri mənə əvvəldən məlum idi. Özləri bilərəkdən sənə yaxın bir yerə topu atır, sonra isə “xanım, ay xanım zəhmət olmasa, topu qaytarardız” deyirdilər. Yenə belə etdilər, mən isə fikir vermədim. Ancaq top ikinci dəfə mənə doğru gələndə doğurdan da, hirsləndim. Ayağa qalıb, məşhur zərbəmlə topu vurdum.

– Tullanaraq?
– Xeyr. Tullanmadım. Yerimdə dayanaraq zərbə vurdum. Mən qumun üstündə oynamağa alışmamışam. Əslində, buna ehtiyac da yox idi. Top da həmin “qırsaqqızın” düz üzünə dedi. Yazıq elə bil ayağı üzülərək, yerə çırpıldı. Zərbədən sonra burnu qırılmamışdı. Amma çox ağrıyırdı…

– Sizə “podxod” edən hər kəsə qarşı belə davranırdız?
– (gülür). Xeyr, hamıya qarşı belə davranmırdım. Əks halda, ərə getməzdim. Həyat yoldaşım, futbolçu Aleksandr Syominlə uzun və xoşbəxt həyat yaşadıq. Bizi qəsdən tanış etmişdilər. Amma mənim bundan xəbərim yox idi. Rəfiqələrim vasitəçi olmuşdu. Biz Saşa ilə hər ikimiz bakılı olsaq da, həmin vaxta qədər bir dəfə də olsun rastlaşmamışdıq. Bu dəfə isə məni qonaq çağırmışdılar, birdən otağa Saşa daxil oldu. Xoş, nəzakətli, sakit və parlaq biri idi. Sadəcə, masa arxasında danışdıq. Bundan sonra isə o təbii ki, mənə zəng vurmağa, görüş təyin etməyə başladı. İlk andan hiss etdim ki, bu mənim adamımdı. Saşaya qədər Moskvada toplanışlarda mənə möhtəşəm cüdoçu, 4 qat Avropa çempionu Anzor Kiknadze xüsusi diqqət göstərirdi. MOİK-də işləyən qadınlar mənə deyirdilər ki, başa düşmürük, sən Anzor kimi birinə ərə getməyi niyə istəmirsən? Hələ bir onun imkanlı olduğunu da dəfələrlə söyləyirdilər. Anzor həqiqətən də varlı idi. Tiflisdə likör istifadə edən zavodu vardı. Amma bu mənim üçün heç bir önəm kəsb etmirdi. Anzor mənə yad gəlirdi, Saşada isə ilk andan doğmalıq əldə etdim.

– Siz dəniz kənarına çıxanda heç deyirdilər ki, nə gözəl cütlük gəlir?
– Bizdə xüsusi gözəllik yox idi. Sadəcə, bir-birimizə yaraşırdıq. Burda qadından çox şey asılıdı, xarakter göstərməli, kişini tənqid edərək, onu özündən uzaqlaşdırmalı deyilsən. Sadəcə, ona rahatlıq, komfort yaratmalısan ki, kişidə həmişə evinə qayıtmaq istəyi olsun. Kişi başdı, qadın isə boyun. Bunu heç vaxt unutmaq lazım deyil. Yəni kişi ailənin başçısıdı, qərar verən şəxsdi. Qadın isə onu dəstəkləyəndi. Əgər qadın bunlara əməl edirsə və əri də yaxşı kişidirsə, o ailə həyatı uğurlu alınır. Əsl kimi öz ailəsinə dəyər verir və həyat yoldaşı, eləcə də, uşaqları üçün hər şey edir.

– Taleyinizdən gileylənməyiniz günah olar. İdmanda mümkün olan bütün titulları qazanmısınız, həyat yoldaşınızla uzun və xoşbəxt həyat yaşamısınız…
– Düzdü, Allah mənə çox şey verib. Eyni zamanda, qarşıma elə sınaqlar çıxarıb ki… İndiyə qədər başa düşə bilmirəm ki, onlara necə dözmüşəm. Həyatda hər şey adi deyil. Bütünlüklə xoşbəxt və ya bədbəxt insanlar olmur. Anam insult keçirəndə cəmi 21 yaşım var idi. Uzun illər onu bir an olsun, tək qoya bilmirdik. Əvvəlcə məni nənəm əvəzləyirdi, o, olmayandan sonra isə qonşular kömək edirdilər. Qorxuram ki, bütün bunları təsəvvür etmək sizin üçün çətin olar. Hər 3 gündən bir anamın vəziyyəti pisləşirdi və təcili yardım çağırmalı olurdum. Bu daha çox gecələr baş verirdi. Nəticədə gecə küçəyə qaçıb, təcili yardım maşınının yolunu gözləyirdim. Həmin illəri həyəcan və gərginlik içində keçirdim. Sevimli anam istənilən anda həyatda vidalaşa bilərdi. Yadımdadı, hamilə ola-ola anamın yanından uzaqlaşmırdım, onu tək buraxmırdım. Doğuş anı çatanda dedim ki, ana, mən “roddom”a gedirəm. Soruşdu ki, məgər sən hamiləsən? Anam elə vəziyyətdə idi ki, mənim hamilə olduğumu belə, hiss etməmişdi. Hamilə olduğumu biləndə həyəcandan huşunu itirmişdi. Bu vəziyyətdə illərlə yaşadıq. Sonra yenə belə sınaqdan keçməli oldum. Saşa xəstələndi və bu, daha qorxulu idi. Halbuki mən ən qorxulu məqamı geridə qoyduğumu düşünürdüm. Saşada parkinson xəstəliyi var idi. Belə xəstələr təhlükəli olur. Təfərrüatını açıqlamaq istəmirəm. Sadəcə, onu deyim ki, hər səhər onun otağına su aparanda, qorxudan stəkan əlimdə titrəyirdi. Ona qədər isə meydanda və həyatda heç nədən qorxmurdum.

– Heç nədən?
– Bəli, heç nədən. SSRİ dağıldıqdan sonra həyat çox dəyişdi və mən övladlarıma görə qorxmağa başladım. Çətin vaxtlar idi, lakin Heydər Əliyev Azərbaycanın prezidenti təyin edildikdən sonra hər şey yaxşıya doğru dəyişdi. Halbuki o, hakimiyyətə gələnə qədər vəziyyət başqa cür idi. Mən sevimli şəhərimdən heç vaxt getmək istəmirdim. Sadəcə, övladlarıma görə qorxduğumdan, bu addımı atdım.

– İndi Bakıdan ötrü darıxırsınızmı?
– Necə darıxmayım? Azərbaycandakı yenilikləri məmnuniyyətlə izləyirəm. İlham Əliyev dahi atasının layiqli oğludu. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi isə möhtəşəm andı. Gözəl, ağıllı qadındı. Əminəm ki, o, həyat yoldaşına layiqli dəstəyi verəcək. Siyasətdə öz yerini tutan qadınlar kifayət qədər olub. Təkcə Marqaret Tetçeri yada salmaq bəs edər. Hazırda Fransada Mari Le Penin prezident seçkisində qalib olmasını çox istəyirəm. Hiss edirəm ki, Mehriban xanımı siyasət sahəsində möhtəşəm karyera gözləyir.

Həmin kateqoriyadan