Azərbaycanlı hakim Hicran Şərifovun idarə etdiyi görüşdə görünməmiş qalmaqal yaşanıb

Azərbaycanlı güləş hakimi Hicran Şərifov Rio-2016-da yenə diqqət mərkəzinə düşub. Allsport.az saytı xəbər verir ki, 65 kq-da Mandaxnaran Qanzoriqiyn (Monqolustan) – İxtiyar Novruzov (Özbəkistan) arasında bürünc medal uğrunda görüşdə həmyerlimizin xalça referisi olub. Gərgin keçən görüşdə adı ilk çəkilən idmançı 7:6 irəlidə idi. Qarşılaşmanın bitməsinə bir neçə saniyə qalmış, monqol pəhləvan rəqabəti davam etdirmək əvəzinə, mübarizdən yayınıb. O, iki əlini qaldıraraq, qələbə döşəkdə bayram edib.

Bunu görən Hicran Şərifov, özbək güləşçinin xeyrinə daha 1 xal verib. Belədə, hesab bərabərləşib. Amma türk idmançı xalı sonuncu aldığından, qələbə ona verilib. Monqol tərəfi o qədər sevincək olub ki, həlledici anı görməyiblər və məşqçilər öz güləşçilərini qucaqlayaraq təbrik ediblər. Məsələ onlara agah olanda, ara qarışıb. Məğlub tərəfin çalışdırıcıları etiraz maskotu atıblar. Ancaq görüşün hakimi bunu qəbul etməyib. Buna etiraz olaraq, hər 2 monqolustanlı mütəxəssis xalçada hamının gözü qarşısında üst idman geyimlərini çıxarıb, yarıçılpaq olublar. Xeyli gərginlikdən sonra protestə baxılıb və özbəkistanlı pəhləvana daha 1 xal verilib. Mandaxnaran Ganzorig yekunda rəqibini təbrik etsə də, döşəyin mərkəzinə gəlməkdən boyun qaçırıb.

Bir neçə gün öncə, qadınların 3-cü yer uğrunda mübarizəsində, isveçli Sofiya Mattsson çinli Çjun Syueçun üzərində qələbəni bayram edərkən, xalça hakimi olan həmyerlimizi qucaqlamışdı. Bu nadir olay güləş ictimaiyyətinin diqqətini çəkmişdi.

Həmin kateqoriyadan