Bəhmən Həsənov: “Rəvan”ın haqqı yeyildi”

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının ?-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Həmişə siz sual vermisiniz, mən cavablandırmışam. İndi isə xahiş edirəm mənim suallarımı cavablandırın: Nəyə görə Sumanın vurduğu qol qeydə alınmır? Nə səbəbdən qol vurduqdan 40-45 saniyə sonra hakim qayda pozuntusu qeydə alır? Həmin epizodda qayda pozuntusu var ya yox, bu başqa məsələdir. Sözüm ondadır ki, referi epizodun 5 metrliyindədir. Oyunu davam etdirmisənsə, qol vurulduqdan sonra niyə cərimə qeydə alırsan? Nəyə görə oyuna 3 dəqiqə əlavə edib, 7 dəqiqə oynadırsan? Bilirsiniz, bu cür çox çətindir. Çox əsəbiyəm, dediklərim bir az emosional ola bilər. Amma fakt budur ki, haqqımızı yeyirlər. Məni tənqid edirsiniz. Komandanı tənqid edirsiniz. Bunu da yazın da. Yazın ki, “Rəvan”ın haqqı yeyildi. “Rəvan”ın 2 xalı olanda kimsənin yadına düşmürdü. Komanda dirçəlib, xal toplamağa başlayıb deyə, başını əzmək lazımdı?

Bugünkü oyun mənə 80-ci illəri, öz futbol oynadığım dövrü xatırlatdı. O vaxt hava qaralırdı, amma oyunu başa çatdırmırdılar ki, ev sahibi qol vursun. Bu nə deməkdir, hansı dövrdə yaşayırıq? Üzü aşağı – quldarlıq, daş dövrünə gedirik. Qəbələdə Rauf Cabbarov haqqımızı yedi, indi də Orxan Məmmədov. İstəmirlər ki, biz irəliyə gedək. Niyə? Səbəb nədir? Mən bilmirəm bunu kimlər edir. Ancaq mənim, futbolçularımızın, rəhbərliyin haqqı yeyilir. Protokolda nəticə 3:3 göstərilsə də hesab edirəm ki, komandam bu gün qalib gəldi. Biz son pilləni mütləq tərk edəcəyik. Özünüz də görəcəksiniz”.

Həmin kateqoriyadan