- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 27-ci və 28-ci turların oyunları keçirildi və ölkə çempionatı başa çatdı. Beləliklə, “İdman Akademiyası” qalib adını rəsmiləşdirdi. “Tələbələr” məsələni öncədən öz xeyirlərinə həll etmişdilər. Amma buna qədər bir dəfə də sevinmişdilər. Azərbaycan kubokuna yiyələnməklə. Komandanın tarix yazmasında baş məşqçi Vidadi Əiyevin böyük əməyi var. O, heyəti sıfırdan qurub və 4 mövsüm addım-addım irəliləyib. Allsport.az saytı ölkə çempionatlarında ilkə nail olan mütəxəssis ilə görüşüb.
– Bu mövsüm “İdman Akademiyası” çox irəli gedərək, 2 tutula birdən sahib çıxdı. Sonda “qızıl dubl” edəcəyinizi gözləyirdizimi?
– İstəyimizə nail olduq. Amma düzünə qalsa, həm ölkə çempionluğunu, həm də ölkə kubokunu götürəcəyimizi fikirləşmirdik. Allaha çox şükürlər olsun ki, O bizə bunu qismət elədi. Komandamız çox gəncdir. 4 ildir bir yerdə çalışırıq.
– Çox maraqlıdır ki, komandanız sona 3-4 tur qalmış çempionluğu təmin etdi.
– Hər klubun öz planı var. Bizim hədəf yüksək yerlər idi. Amma heç vaxt öncədən çempion olacağımızı deməmişəm. Axırıncı günə kimi də söyləmədim. Sona qalmış, artıq bilirdik ki, 1-ci yer bizimdir. Çox suallar verirdilər, lakin çempionluq barədə danışmırdım. Baxmayaraq ki, bəzi komandalar çempionluğu hələ yarış başlamamış elan etmişdilər. Bəlkə də, iddiaları vardı. Ona görə ki, heyətə legionçular gətirmişdilər. Bir az özlərini arxayın apardılar. Biz isə, öncədən necə idiksə, axıracan başımızı aşağı salıb işimizi gördük. Bundan sonra da belə davam edəcəyik. “Hop deməsən, hoppanmaq lazım deyil”. Belə bir deyim var.
– Hər halda, yeni qaydalar da sizə təkan verdi. Əvvəllər qələbəyə 2 xal verirdilər, indi artıq 3 xal. Penaltilərdə udan 2, uduzan 1 xal qazanır. Qalib gələn isə, xeyli üstünlük qazanır.
– Bilirsiniz, burda əsas qələbə qazanmaqdır. İstər 2 xal, istərsə də 3 xal olsun. Bunun fərqi yoxdur. Bizim son çempionat çox yüksək səviyyədə keçdi. Güzəştsiz rəqabət izlədik. Hesab edirəm ki, hansı komanda fiziki cəhətdən daha hazır idi, o da sonda qalib oldu. Bu uzun yola, öz təşəbbüsümüzlə, ötən ilin iyulundan hazırlaşmışdıq. Məşqlərimizi idman akademiyasının stadionunda və qapalı zalında keçirdik. Sağ olsun, rektor və əməkdaşlar, bizə hər şərait yaratmışdılar. Təqvimə görə, öz məşqlərimiz sentyabrdan başladı. Qeyd etdiyiniz yeni qaydalarda hansı komanda fiziki güclüdürsə, onun üstünlüyü mütləq idi. Üstəlik, heyətimiz gəncdir, aqresivdir, enerjilidir, nizam-intizamlıdır və istəklidir. Bunu bütük klublara arzulayıram: ciddi nizam-intizam yaratsınlar. Bu olmayan yerdə, komanda da olmayacaq. Digər amil, məşqçinin sözünə oyunçular əməl etməlidirlər.
– Açığı, ötən mövsüm də qızıl medallara yaxın idiniz.
– Keçən çempionat bəzi çatışmamazlıqlar oldu. Qapıçımız zəif idi, az məşq keçmişdi. Amma buna baxmayaraq, biz çalışdıq. İlk turlardan liderlər qrupunda yer aldıq. Haradasa, oyunçularımızın təcrübəsizliyi və gənc olmaları özünü büruzə verdi. Ötən mövsüm, indiki kimi, 5 komanda çempionluğa oynamırdı. Lakin təcrübəlilər bütün klublara səpələnmişdilər. Yaşları 30-35 civarındaydı. Ancaq mənim uşaqlarımın orta yaş həddi 19-20 idi. Düşünürəm ki, bu həndbolçulara gələcəkdə arxa olsa, həm klub, həm də yığma səviyyəsində uğurlu nəticə qazanmaq olar. Amma bu o anlamı verməsin ki, dəstək yoxdur. Federasiya, eləcə də gənclər və idman nazirliyi köməkliyini göstərir. Hərçənd yarışlar çox olsa, oyun təcrübəsi də artar. 40 ilin məşqçisi olaraq hesab edirəm ki, komandaya digər təcrübəli həndbolçuları əlavə edərək, Avropa səviyyəli komanda qurmaq olar.
– Vidadi müəllim, Avropadan söz düşmüşkən, yeni planlarınız nədən ibarət olacaq?
– Avrokubokda iştirak etməliyik. Gələn ay püşkatmanın nəticəsini gözləyirik. Rəqibi biləndən sonra, ona uyğun hərəkət edəcəyik. Təbii ki, püşkdən də çox şey asılıdır. Çalışacam, öz səviyyəmizi göstərək. Yəni, əvvəlki kimi olmasın.
Söhbətləşdi: Kamran HACI