Bakı-2015 Alovu Zərdab və Tərtərdə alqışlarla qarşılandı

Mayın 12-də Bakı 2015 Alovu Zərdab və Tərtər rayonlarına səyahət edib. Allsport.az xəbər verir ki, Mərkəzi-Aranda, Şirvan düzündə, paytaxtdan 231 km aralıda yerləşən Zərdabın ərazisi – 0.86 min km2, əhalisinin sayı 55 min 859 nəfərdir (01.01.2014). Zərdab 1935-ci ildə Göyçayın tərkibindən ayrılaraq, müstəqil rayon kimi təşkil edilib. 1963-cü ildə Ucara birləşdirilsə də, iki il sonra yenidən rayon statusu bərpa edilib.

Rayon mərkəzində yerli sakinlərin izdihamı və gurlutulu alqışları, hər yandan ucalan, «Azərbaycan!», «Yaşa Azərbaycan!» sədaları ilə iqtisadçı Bəxtiyar Nurəliyevin başladığı məşəl yürüşü Azərbaycan küçəsindən start götürməklə, R.Kərimov küçəsində davam etdi. Zərdabi küçəsindən sonra Heydər Əliyev parkının tağından keçən məşəl yürüşü 3,53 km məsafəni əhatə etdi. Orta məktəb müəllimləri Alim Quliyev, Cavidan İbadov və Seymur Əsədov, iqtisadçı Cavid Nuriyev, idman fəalı Ehtiram Osmanov, taekvondoçu Elnur Babayev, 11-ci sinif şagirdi Anastasiya Demidenko, dövlət qulluqçusu Murad Həsənov növbə ilə məşəli daşıdılar.

Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan mətbuatının banisi, “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin vətənində, əlbəttə, ki, məşəl onun ev-muzeyində də olmalı idi. Bu xüsusda muzeydə keçirilən görüşdə estafet iştirakçılarına böyük maarifçi haqqında məlumat verildi, burada xatirə şəkilləri çəkdirildi.

Sonuncu məşəlçi karatenin WKC versiyası üzrə dünya və ikiqat Avropa çempionu, qara kəmər sahibi Nərmin Camalzadə məşəllə Heydər Əliyev parkında quraşdırılmış səhnəyə qalxdı və Avropa Oyunlarının daha bir çırağını alovlandırdı.

Zərdab estafetinin birinci yürüşçüsü Bəxtiyar Nurəliyev Avropa Oyunları barədə təəssüratlarını bölüşdü: “Avropa Oyunları məşəlinin doğma Zərdabımıza gəlməsi böyük sevincdir. Heç inanmazdım ki, mən nəinki məşəli birinci daşımaq, hətta bu onluqda yer almaq şərəfinə nail ola bilərəm. Söz yox ki, Avropa Oyunları tariximiz üçün böyük hadisə olacaq. Arzu edirəm ki, idmançılarımız bu möhtəşəm başlanğıcı inamlı çıxışları ilə tamamlasınlar”.

Başdan ayağa bayram ab-havasında keçən qarşılanma mərasimində Atəşgah məbədində ilk məşəlin alovlandırılması haqqında qısa film nümayiş etdirildi. Məşəlçilər səhnədən rayon sakinlərini salamladılar. Məşəldən od alan çırağı rayon ictimaiyyətinə karatenin WKC versiyası üzrə gənclər arasında dünya ikincisi və Avropa çempionu, 19 yaşlı Nurəddin Əliyarlı təhvil verdi.

Məşəlçi Nərmin Camalzadə sevinc və həyəcanını belə ifadə etdi: “Məşəli doğma Zərdabımda alovlandırmaq böyük şərəfdir. Bu da qazandığım titullarla müqayisə oluna biləcək bir uğurdur. Çünki yarışlardan da çox həyəcanlı idim. Prezidentimiz məşəlin alovunun alınması mərasimində “qoy güclü qalib gəlsin” dedi və əminəm ki, bu güclülər Azərbaycan idmançıları olacaqlar”.

Daha sonra məşəl dəniz səviyyəsindən 227,1 metr hündürlükdə, Bakının 332 km-liyində yerləşən Tərtərə yollandı. Rayon 1920-ci ildə Cavanşir qəzasının yaradılması ilə Tərtər sahəsi adı ilə yeni tarixinə başlayıb. 1930-cu ildə rayon statusu alan Tərtərin adı 1940-cı ildə Mirbəşir Qasımovun xatirəsinə dəyişdirilib və 1991-ci ildə yenidən bərpa edilib. Rayonun ərazisi 960 km2, əhalisinin sayı 101 min nəfərdir (01.01.2014).

Aşıq musiqisi sədaları altında orta məktəb müəllimi Rasif Abbasovun başlatdığı estafet Heydər Əliyev prospekti boyunca 4,16 km yol qət etdi. Estafet zamanı məşəli məktəblilər Karina Nəsirova, Nurlan Əlizadə, Sevinc Əliyeva və Nigar Ağamalızadə, məşqçi-müəllim Emin Məmmədov, cüdo mütəxəssisi Rəşad Ələkbərov, orta məktəb müəllimləri Səlim Zeynalov və Səlim Kərimov daşıdılar.

Məşqçi-müəllim, yeniyetmə və gənclər arasında boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov isə onu baş meydanda quraşdırılmış səhnəyə gətirdi. Yandırılmış çırağı rayon ictimaiyyətinə 10-cu sinif şagirdi Məhəmməd Əlizadə təqdim etdi.

Təntənəli mərasim üçün xüsusi hazırlanmış meydanda keçirilən salamlama mərasimində Atəşgah məbədində ilk məşəlin alovlandırılması haqqında videoçarx maraqla izləndi. Məşəlçilər səhnədə alqışlandı. Səmaya sülh göyərçinləri, rəngli şarlar buraxıldı. Avropa Oyunlarının canlı rəmzləri də rayon əhalisinin diqqət mərkəzində idi.

Məşəl estafetinin sonuncu iştirakçısı Faiq Məmmədov yürüş barədə təəssüratlarını bölüşdü: “Avropa Oyunlarının Tərtər rayonu üzrə 10 məşəlçisindən biri olduğuma görə qurur hissi keçirirəm. Bu, etimadı mənə göstərənlərə təşəkkürümü bildirirəm. Bir boks mütəxəssisi kimi əminəm ki, Azərbaycan komandası bu növdə də uğur qazanacaq. Teymur Məmmədov, Salman Əlizadə və Tamerlan Abdullayevdən medal gözləyirəm”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Məşəl estafeti sabah, mayın 13-də əvvəlcə Yevlaxa istiqamət götürəcək, axşam saatlarında isə Bərdədə möhtəşəm alov festivalı ilə qarşılanacaq.

Həmin kateqoriyadan