“Around the Rings: AOK Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır

Olimpiya hərəkatı ilə bağlı tədbirləri işıqlandıran, mötəbər idman yarışlarından yazan beynəlxalq “Around the Rings” internet portalında Bakı-2015-in müsbət nəticələrinə həsr olunmuş “AOK Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır” sərlövhəli material yerləşdirilib. Allsport.az saytının məlumatına görə, həmkarlarımız, Romada 1-ci Avropa Oyunlarına həsr edilmiş 2 günlük iclas keçirildiyiti yazıb. İclasda Bakı-2015-ə hazırlıq və oyunların təşkili ilə bağlı uğurlu təcrübədən söhbət açılıb. Tədbirdə Bakıda həyata keçirilən bu uğurlu layihə yüksək qiymətləndirilib.

Azərtac-ın məlumatına görə, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sədrliyi ilə keçən iclasda AOK-un İcraiyyə Komitəsinin üzvləri, gənclər və idman naziri Azad Rəhimov, Bakı-2015-in  əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos, həmçinin Oyunların əməliyyat komitəsinin baş direktoru Saymon Kleq, habelə idman direktoru Pirs O`Kallahan, ekspert məsləhətçilər iştirak ediblər.

İclasda idman proqramlarının tərtibi, yekun protokolun hazırlanması, 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına hazırlıq işlərində Bakı təcrübəsindən geniş istifadə edilməsi məsələləri ətraflı müzakirə olunub.

AOK-un prezidenti Patrik Hikki deyib: “Bakı-2015 bizim bütün ümidlərimizi doğrultdu və mən deməliyəm ki, Azərbaycan Avropa Oyunları anlayışına çox böyük xidmət göstərdi. İlk Avropa Oyunları dünyanın dörd bir tərəfinin Olimpiya ailəsindən inanılmaz təriflər aldı və biz “Avropa Oyunları gəldi” sözünü dünyaya çatdırmağın bundan yaxşı yolunu arzulaya bilməzdik. AOK bütün bu zəngin təcrübə barədə informasiyaları gələcək nəşrlər üçün qoruyub saxlayır. Çeviklik və yenilik bizim devizimiz olaraq qalır. Lakin bizim artıq beynəlxalq səviyyədə tanınan ən qabaqcıl təcrübəmiz var və biz öz işimizi onun üzərində qurmalıyıq”.

İclasda Patrik Hikkiyə “Bakı-2015”in medallar dəsti təqdim edilib. Sonra AOK-un prezidenti ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun təkbətək görüşü olub.

Həmin kateqoriyadan