Bakı-2015-də Avropa çempionatında oynayan voleybol komandaları mübarizə aparacaq

İlk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması ölkəmiz üçün böyük hadisədir”. Allsport.az xəbər verir ki, respublikamızdakı idman infrastrukturu bu tipli yarışların ölkəmizdə yüksək səviyyədə təşkil olunmasına imkan verir. Bu sözü Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov AzərTAc-a müsahibəsində deyib:

“Bakı-2015-də qadın, kişi və çimərlik voleybolu yarışlarında 500 idmançının iştirak edəcəyi gözlənilir. Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, mötəbər yarışa yüksək reytinqə malik milli komandalar qatıla biləcək. Avropa çempionatının final mərhələsində yarışan komandalar Bakı-2015-də mübarizə aparacaq. Əminəm ki, yarışlar gərgin idman mübarizəsi şəraitində keçəcək”.

Qadınlardan ibarət voleybol komandamızda problemin olmadığını diqqətə çatdıran Elşən İsmayılov millimizin üçüncü dəfə dünya çempionatının final mərhələsində mübarizə apardığını bildirib. Vurğulayıb ki, kişilərdən ibarət komandamızda isə hazırda problemlərimiz var.

“1990-cı ildən 2000-ci ilədək ölkəmizdə kişi voleybolunda boşluq olub. Həmin boşluğun təsirini biz indi hiss edirik. Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Komanda fəal məşqlərə başlayıb. Milliyə türkiyəli baş məşqçi cəlb olunub. Bu, Azərbaycan voleybolsevərlərinə tanış olan Bülənt Qarslıoğludur (“İqtisadçı” klubunun sabiq baş məqşçisi)”.

Qeyd edək ki, Bakı-2015-də qadın voleybol kollektivləri arasında Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Polşa, Belçika, Rumıniya, Rusiya, Serbiya, Almaniya, Niderland, Xorvatiya və Bolqarıstan komandaları yarışacaqlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya, Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya voleybolçuları mübarizə aparacaqlar.

Həmin kateqoriyadan