Bakı Şəhər Halqasının dəstəyi ilə peşəkar fotoqraflar üçün təlim

Bu gün “Nizami” Kino Mərkəzində Bakı Şəhər Halqası əməliyyat şirkətinin dəstəyi ilə noyabrda Azərbaycanda ilk dəfə keçiriləcək “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində yerli peşəkar fotoqraflar üçün təcrübi təlim təşkil olunub. Allsport.az saytı xəbər verir ki, “Red Bull Illume” beynəlxalq müsabiqəsinin qaliblərindən olan Denis Kleronun keçirdiyi məşğələyə 20-dən çox media nümayəndəsi qatılıb. Təlimdə Denis Klero peşəkar idman fotojurnalistikası ilə əlaqədar öz təcrübəsindən danışıb, iştirakçılara ekstremal idman növlərinin fotoşəkillər vasitəsilə effektiv işıqlandırılması, hərəkətli obyektlərin fotoşəkillərinin düzgün çəkilməsi və fotoşəkil çəkən zaman idmançılarla səmərəli ünsiyyətin qurulmasına dair üsullar haqqında ətraflı məlumat verib.

Ekstremal idman növlərinin fotoçəkilişi üzrə böyük təcrübəyə malik Denis Klero təlim iştirakçılarının yeni üsullara marağını yüksək qiymətləndirib: “İlk dəfədir Bakıda təlim keçirəm. Təlimdə yeni texnikalardan danışdıq və azərbaycanlı fotoqraflar təlimə böyük maraq göstərdilər. Onların peşəkarlığı təlimin daha səmərəli keçməsinə öz töhfəsini verdi.

Hər il dünyada yeni ekstremal idman növləri yaranır və bu sahə getdikcə inkişaf edir. Bu halda peşəkarlar da həmin inkişafdan uzaq qalmamalı, davamlı olaraq özlərini yeniləməli və ən son üsullardan istifadə edərək işlərində yüksək peşəkarlıq nümayiş etdirməlidirlər. Bu baxımdan da deyə bilərəm ki, təlim çox məhsuldar keçdi”.

BŞH-nin dəstəyi ilə keçirilən təlimlə bağlı fikirlərini bildirən şirkətin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrinin peşəkarlıq baxımından inkişafında onlara davamlı dəstək göstərəcəklərini deyib: “Bakı 2018-ci il aprelin 27-29-da üçüncü dəfə formula-1 yarışına ev sahibliyi edəcək. Biz ötən hər il ərzində yarışın daha yüksək keyfiyyətdə işıqlandırılmasını təmin etməyə çalışırıq. Həmçinin bu il media ilə daha sıx işləməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün baş tutan praktik təlim də həmin silsilə tədbirlərin bir hissəsidir. Ümid edirik ki, bugünkü təlim yerli peşəkar fotoqrafların işinə tezliklə müsbət təsirini göstərəcək və biz yarış həftəsonu ərzində onlar tərəfindən çəkilən fotoşəkillərdə formula-1 idmanının möhtəşəm həyəcan və coşqusunun daha qabarıq şəkildə təsvirinə şahid olacağıq”.

Qeyd edək ki, “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində həvəskar fotoqraflar üçün mobil telefonlarla uğurlu şəkil əldə etməyin yollarına dair təlim də keçirilir. Yalnız mobil telefon vasitəsilə çəkilən fotoşəkillərin təqdim olunacağı bu müsabiqənin qalibləri Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən 2018-ci ildə keçiriləcək formula-1 Azərbaycan qran-prisinə biletlərlə mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan