- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Basketbol 3×3 Olimpiya idman növlərinə daxil deyil. Allsport.az xəbər verir ki, idmanın bu növü ilk dəfə olaraq birinci Avropa Oyunlarında Azərbaycanda oynanılacaq. Basketbol 3×3 üzrə Serbiya millisi uğurlu nəticələri ilə dünyanın ən güclü komandalarındandır. Serbiya millisinin əsas hədəfi Bakı-2015-də qızıl medal qazanmaqdır.
İdmanın bu növü üzrə ən güclülərdən hesab olunan serb basketbolçu Marko Zdero hələ uşaq ikən Belqrad və Novi Sad şəhərlərində keçirilən yarışlarda iştirak etməyə başlayıb. Boyu 190 santimetr olan idmançı 1985-ci il martın 14-də Serbiyada doğulub. Onun ən yaddaqalan uğuru 2012-ci ildə keçirilmiş ilk rəsmi dünya çempionatının qalibi olmasıdır.
İki il ərzində yaxşı nəticələr göstərərək basketbol 3×3 üzrə dünyada ən yüksək pillələrdə qərarlaşdıqlarını vurğulayan M.Zdero komandasının qarşısında duran əsas məqsədin bu yeri qoruyub saxlamaq olduğunu bildirib. O deyib ki, birinci Avropa Oyunlarında yarışmağımız və iştirakçı olmaq çox gözəl şansdır. Çünki bu, ilk Avropa Oyunlarıdır.
Basketbol 3×3 üzrə Serbiya yığmasının digər üzvü Marko Saviç isə 2012-ci ildən idmanın bu növü ilə məşğul olmağa başlayıb. Lakin buna baxmayaraq, onun komandası oyunlarda yüksək nəticələr göstərməyə nail olub. O, Afinada keçirilmiş dünya çempionatının final mərhələsində Fransa komandası ilə qarşılaşmanı ən çox yaddaqalan oyun olduğunu deyib. M.Saviç qeyd edib ki, hesabda geri olsalar da, son iki dəqiqə ərzində inamlı oyunu ilə komandasına qələbə qazandıra bilib.
Xatırladaq ki, 1987-ci il iyunun 2-də anadan olan basketbolçunun boyu 198 santimetrdir. O, qazandığı uğurlara görə valideynlərinə borclu olduğunu, çünki ən vacib qərarlarında onların dəstəyini hiss etdiyini söyləyib.
Serbiya millisinin digər idmançısı yaşı 26, boyu isə 2 metr olan Deyan Maystoroviçdir. Onun ən böyük uğuru Yaponiyanın Senday şəhərində basketbol 3×3 üzrə keçirilən dünya çempionatının qalibi olmasıdır. Moskvada keçirilən dünya kubokunun yarımfinalında Rusiyanın millisinə qarşı oyunda səbətdən beş dəfə üç xallıq top keçirdiyinə görə həmin oyunu özü üçün ən yaddaqalan qarşılaşma kimi dəyərləndirir.
Serbiya milli komandasının daha bir üzvü isə 2012-ci və 2014-cü illərdə keçirilən dünya çempionatlarının iştirakçısı Dusan Bulutdur. Məşq zamanı sahədə daha çox qalmağa çalışdığını vurğulayan D.Bulut ölkəsində idmanın bu növünün kifayət qədər sevildiyini bildirib. 1985-ci il oktyabrın 23-də Serbiyada anadan olan 191 santimetr boyundakı basketbolçu idmanın xizəksürmə və snoubord növləri ilə də məşğul olduğunu qeyd edib.
Bakı-2015-də 4 gün ərzində keçiriləcək basketbol 3×3 yarışlarında 32 komandanın tərkibində 128 idmançı mübarizə aparacaq.