- Baxış sayı: 11
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 17-ci turunda “Zirə”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında bunu söyləyib:
“Oyunda ən üzüldüyüm məqam qol buraxmağımız oldu. Rəqibdən iki cür təhlükə gözləyirdik: biri standart vəziyyətlər, digəri bu cür qol. Buraxdığımız qolu 10-15 dəfə futbolçularımıza göstərmişdik. Konkret olaraq, 2-3 nəfərə tapşırılmışdı. Təbii ki, bunun cavabı olacaq. Bilə-bilə səhv etmək, konsentrasiyanı itirmək yolverilməzdir. Həddindən çox əsəbiyəm. “Zirə” çətin rəqibdir, bu mövsüm onları uda bilməmişik. Amma rahat idik. Yaxşı nəticəyə doğru gedirdik. Təəssüflər olsun ki, ani diqqətsizlik məğlubiyyətə səbəb oldu. Çox üzüldüm.
Futbolçulara oyuna sakit başlamaq tapşırığı vermişdi. Öz epizodlarımızı gözləyirdik. Oyunu gücləndirə biləcək futbolçular tam hazır deyildilər. Bu sarıdan əziyyət çəkirdik. Bu cür komandalara qarşı oynamaq çətindir. “Qəbələ” ilə matçda da belə oldu. Bizim Messi və Ronaldumuz yoxdur. Rəşad Sadıqov özü müdafiəçi olduğu üçün komandasına bunu aşılaya bilib. Qol vurmaqda çətinliklərimiz var. Amma belə qol buraxırsansa, axırı belə olacaq.
Oyunun içində reaksiya verirsən, əsəbiləşirsən. Amma bu, o demək deyil ki, heyətin yarısını göndərməlisən. Seçimimiz məhdud çərçivə içindədir. Əlimizdə olan imkanların ən yaxşısından istifadə etdik. İstədiyimiz hücumçular bir masada oturmağa belə şans vermədilər. Ahmed Ahmedov özünü yaxşı tərəfdən göstərdi. Nəzərə alaq ki, hələ ikinci oyunu idi”.