- Baxış sayı: 62
- 20 Oktyabr 2024 12:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Qədim zamanlarda oxatma ovçuluq və döyüşdə tətbiq olunurdu. Allsport.az xəbər verir ki, orta əsrlərdə odlu silahların meydana gəlməsi ox və yayı arxa plana keçirdi. Buna baxmayaraq, XVIII əsrin əvvəllərində oxatma nəticə etibarı ilə idman növü kimi yayılmağa başladı və hazırda 140 ölkədə insanlar onunla məşğul olurlar. 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə keçirilmiş Olimpiya Oyunları da daxil olmaqla, Olimpiya Oyunları tarixinin ilk illərində bir neçə dəfə oxatmaya proqramda yer verildikdən sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu və həmin tarixdən etibarən Olimpiya proqramında yer aldı. İndi isə növbə Avropa Oyunlarınındır. Bu ilin iyun ayında Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında kamandan oxatma yarışlarının keçirilməsi idmanın bu növünə marağı daha da artırıb.
“Bakı-2015” Avropa Oyunlarında Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Bakı-2015” Avropa Oyunları oxatma üzrə yarışan idmançılara “Rio-2016” Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır.
Mövzunu kamandan oxatma üzrə Azərbaycan yığmasının baş məşqçisi Sergey Qospodinov ilə davam etdiririk. Əslən moldaviyalı olan Sergey Qospodinov Azərbaycana 5 il əvvəl dəvət olunub. Baş məşqçinin “Azərtac”a müsahibəsini təqdim edirik:
– “Bakı-2015” ilk Avropa Oyunlarına 100 gündən də az qalır. Oyunların proqramına kamandan oxatma yarışları da daxildir. Sizcə bu idman növü Azərbaycanda necə inkişaf edib?
– Kamandan oxatma Azərbaycanda yeni idman növü deyil. Tarixə nəzər salsaq görərik ki, bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Gözəl ənənələriniz var. Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və birinciliklərdə yaxşı nəticələr göstəriblər. Vaxtilə idmanın bu növü üzrə Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb. Bəzi idmançılar SSRİ yığmasının heyətinə də daxil olub və beynəlxalq yarışlarda iştirak ediblər. O dövrdə buna nail olmaq o qədər də asan deyildi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ölkədəki siyasi-iqtisadi proseslərlə bağlı kamandan oxatma idmanı da inkişafdan qaldı.
Müəyyən müddətdən sonra – 2007-ci ildən etibarən vəziyyət əsaslı şəkildə dəyişdi. Azərbaycan Kamandan Oxatma Federasiyası idmanın bu növünün inkişafına xeyli vəsait yatırdı. Məsələn, Hövsan Olimpiya İdman Kompleksinin bazasında məşq üçün oxatma meydanı yaradıldı, kaman və oxlar alındı, idmançıların hazırlanmasına başlanıldı.
Texniki təminat olanda, nəticə göstərmək də asanlaşır. 2009-cu ildə ölkə çempionatında 18 nəfər iştirak edirdisə, 2015-ci ildə onların sayı 50-ni ötdü. Təkcə bu faktın özü oxatma idmanının inkişafından xəbər verir. Məhz bu yarışlar nəticəsində yığma komandanın heyətini müəyyənləşdirdik.
Perspektivli gənc idmançılarınız çoxdur. Qeyd edim ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan idmançılarına məxsus olan 8-9 rekord son bir neçə ildə yenilənib. Hazırda “Məhsul”, “Lokomotiv” idman bazalarında, İdman Akademiyası, Hövsan Olimpiya İdman Kompleksi və Sumqayıtda 5 məşqçi işləyir. Sevindirici haldır ki, Bakıdakı ümumtəhsil məktəblərində ixtisaslaşdırılmış sinif əsasında bölmə açmaq da planlaşdırılır.
– Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdikləri nəticələr sizi qane edirmi?
– İdmanın bu növü üzrə beynəlxalq turnirlər Azərbaycanda 2013-cü ildən keçirilir. Azərbaycan Kamandan Oxatma Federasiyasının Kuboku uğrunda açıq turnir də onlardan biri idi. Sanballı mükafat fondu olan turnirdə Rusiya, İsrail, Türkiyə, Gürcüstan və Azərbaycandan 60 idmançı iştirak edirdi.
Əlbəttə, nəticələr yaxşılaşıb, Azərbaycan idmançıları beynəlxalq turnirlərdə medallar qazanmağa başlayıblar. Onlar bir neçə ənənəvi turnirdə, o cümlədən Cənubi Qafqaz ölkələrinin turnirində və Brest turnirində özlərini daha inamlı hiss edir və daim medal qazanırlar. Gənc oxatanlardan ibarət yığmanın üzvləri bu yarışlarda böyük təcrübə toplayırlar. Bunamisal olaraq deyə bilərəm ki, Azərbaycan 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarında ikinci yerə çıxıb. Taras Senyuk 100-dən çox idmançının iştirakı ilə keçirilən Dünya Kuboku çempionatında 17-ci, Aleksey Kopnin yeniyetmə idmançılar arasında Avropa çempionatı və Avropa Kuboku yarışlarında 9-cu yeri tutublar. Qadın komandamız Avropa çempionatında, kişilərdən ibarət komanda isə Avropa qran-pri yarışlarında 9-cu yerə sahib olublar.
2014-cü ildə azərbaycanlı idmançı Suğra Müqabilzadə ilk dəfə Çində gənclər arasında Olimpiya Oyunlarında iştirak edib. Qoşa yarışlarda S.Müqabilzadə ilə yapon idmançısının cütlüyü 32 komanda arasında 8-ci yeri tutub. Bu, Kamandan Oxatma Federasiyası üçün böyük nailiyyətdir.
– Kamandan oxatma yarışlarının qaydaları barədə də məlumat verməyinizi xahiş edirik.
– Avropa Oyunlarında yarışlar Olimpiya Oyunlarının proqramına uyğun olaraq 70 metr məsafəyə kamandan oxatma üzrə keçiriləcək. Yarış 2 məsafə üzrə ümumilikdə 72 atışı ehtiva edir. Sonra final keçirilir. Olimpiya setkası müəyyən olunur və istər şəxsi, istərsə də komanda və qarışıq hesabda finala çıxmaq uğrunda mübarizə gedir. Oxatanlar oxu hədəfə 70 metr məsafədən atırlar və hədəflərin diametri cəmi 122 santimetrdir. Bu, heç də sadə iş deyil. İdmançılardan diqqəti və fikri cəmləşdirmək, hədəfi düzgün nişan almaq hədsiz bacarıq və təmkin tələb edir. Nəzərə almaq lazımdır ki, hədəfin mərkəzindəki qızılı halqanın diametri cəmi 12,2 santimetrdir.
Beş dəst medalın 2 dəsti kişilər və qadınlar arasında şəxsi birincilikdə, 2 dəsti kişilərdən və qadınlardan ibarət komandaların yarışında, 1 dəsti qarışıq komanda yarışlarında oynanılacaq. Komandanın tərkibinə 3 kişi və 3 qadın oxatan daxil olacaq.
– Deyə bilərsinizmi ki, Avropa Oyunlarında kamandan oxatma yarışlarında Azərbaycanı kimlər təmsil edəcək?
– Hələ bu barədə danışmaq tezdir. Ancaq onu deyə bilərəm ki, hazırda 6 qadın və 5 kişi idmançı yığma komandaya namizəddir. İndi onlar məşq keçirlər. Komandanın yekun tərkibi mayın sonunda Türkiyədə keçiriləcək Dünya Kuboku yarışlarında müəyyən olunacaq. Hazırlıq planına görə, medallar uğrunda kişilərdən ibarət komanda və ya qarışıq komanda mübarizə aparacaq.
– Yəqin ki, xarici ölkələrdən gələcək idmançılar barədə də məlumatlısınız…
– Əlbəttə, “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək sərrast atıcılarla yaxından maraqlanırıq. Bakıya Avropanın ən yaxşı ox atanları gələcək, lakin biz də medallar uğrunda mübarizə aparacağıq. Ümumiyyətlə, Oyunlarda 64 qadın və 64 kişi idmançının iştirakı nəzərdə tutulur. Komanda yarışlarına isə kişilərdən və qadınlardan ibarət 16 komanda qatılacaq. Yarışda təqribən 30-35 ölkənin idmançıları təmsil olunacaq. Onların dəqiq sayı martın 23-29-da Yunanıstanda keçiriləcək təsnifat yarışlarından sonra məlum olacaq.