Böyük ustad, 100 yaşın mübarək!

“Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, Mirpaşa Miriyevin redaktorluğunun misli yoxdur. Nə beynəlxalq jurnalistikada, nə də sovet jurnalistikasında. Mən hələ Azərbaycan jurnalistikasını demirəm” – bu sözü 1963-87-ci illərdə “İdman” qəzetinin redaktor müavini, 1991-93-cü illərdə isə baş redaktoru işləyən əməkdar jurnalist Aqşin Kazımzadə demişdi. 24 il Mirpaşa müəllimin müavini olmuş A.Kazımzadənin sözləri ustadın fəaliyyətinə verilmiş ən dəqiq qiymətdir.

Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda, İçərişəhərdə anadan olub. Bu gün də Bakıda tanınmış təhsil ocaqlarından biri olan 132 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. “Azərnəşr”də fəaliyyətə başlayan M.Miriyev “Gənc işçi” qəzeti ilə də əməkdaşlıq edərək, qəzetin səhifələrində ilk qələm təcrübələrini nəşr etdirib. Tələbə jurnalistin istedadını, bacarığını görüb, onu redaksiyaya cəlb ediblər.

İkinci dünya müharibəsi dövründə Azərbaycan jurnalistləri qələmi odlu silahla əvəz edəndə redaksiyaların çoxu, o cümlədən “Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı olub. Redaksiyanın üç işçisi – redaktor İsrafil Nəzərov, redaktor müavini Böyükağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndəriliblər. Radio komitəsində tanınmiş ziyalılar Adil Əfəndiyev, dramaturq İlyas Əfəndiyev, bəstəkar Səid Rüstəmovla çiyin-çiyinə çalışan M.Miriyev radionun siyasi verilişlər şöbəsinə başçılıq edib.

1947-ci ildə Mirpaşa müəllim “Azərbaycan gəncləri” qəzetinin redaktoru, onunla hələ “Gənc işçi” qəzetindən həmkar Böyükağa Həsənovun dəvəti ilə həmin qəzetdə redaktor müavini vəzifəsində çalışıb. O illər M.Miriyevin yaradıcılığında idman mövzusunda yazılar daha üstünlük təşkil edirdi. Yəqin ki, elə idman mövzusunda püxtələşməyinin, bu sahəyə daha yaxşı bələd olmasının nəticəsi idi ki, 1950-ci ildə M.Miriyev “Azərbaycan bədən tərbiyəçisi” və “Fizkulturnik Azerbaydjana” qəzetlərinə redaktor təyin olunub. Rekord müddətdə – 37 il fasiləsiz olaraq, bu qəzetlərə rəhbərlik edən M.Miriyev bu illər ərzində ölkənin idman həyatını bütün genişliyi ilə əks etdirən, çoxsaylı oxucu kütləsinə malik bir mətbu orqanın yaranmasına nail olub.

1987-ci ildə təqaüdə çıxdıqdan sonra o, “Neftçi” idman-sağlamlıq mərkəzinin sədr müavini vəzifəsində çalışıb. Müxtəlif mükafatlara, fəxri fəman və diplomlara layiq görülmüş M.Miriyev respublikanın Əməkdar jurnalisti, prezident təqaüdçüsü idi. M.Miriyev “Dəmir qala” (Bakı, 1942-ci il), “Bir zavodun idmançıları” (Bakı, 1953-cü il), “Kənd idmançıları” (Bakı, 1954-cü il), “Çempionlar” (Bakı, 1954-cü il), “Birləşən yollar” (Bakı, 1965-ci il) kitablarının müəllifi olub. Mirpaşa müəllim 2007-ci il iyunun 12-də, 87 yaşının tamam olmasına 12 gün qalmış aramızdan gedib. Lakin onun əziz xatirəsi daim bizimlədir.

Azərbaycan idman jurnalistləri federasiyası gənclər və idman nazirliyinin dəstəyi ilə bu il M.Miriyevin 100 illiyi ilə bağlı bir sıra tədbirlər planlaşdırsa da, məlum karantin şərtləri səbəbindən bu tədbirləri, hələ ki reallaşdırmaq mümkün olmur. Rekordçu redaktorumuzun 100 illiyi münasibətilə nəşrə hazrladığımız kitab yaxın vaxtlarda çapdan çıxacaq. Eləcə də, onunla bağlı sənədli filmin çəkilişi nəzərdə tutulub. AİJF öz üzvləri arasında, idman mediası mövzusunda yazı müsabiqəsi də elan edib. İnanırıq ki, ümumbəşəri koronavirus bəlası tezliklə aradan qalxacaq və il başa çatmamış Mirpaşa müəllimin anadan olmasının 100-cü ildönümünü təntənə ilə qeyd edə biləcəyik.

İyulun 24-də 100-cü doğum günündə AİJF idarə heyəti üzvlərinin iştirakı ilə məzarı üzərinə əklil qoymaq planımızı da ertələməyə məcbur olduq. Amma unutmadıq, unutmarıq, Mirpaşa müəllim! 100 yaşın mübarək ustad!

Qabil MEHDİYEV
Əməkdar jurnalist

Həmin kateqoriyadan