“Bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq”

“Qarabağ”ın prezidenti Tahir Gözəl çempionlar liqasının 3-cü ələməsinin cavab oyununda Bolqarıstanda “Lüdoqoreç” üzərində möhtəşəm qələbədən (7:2) söz açıb. Allsport.az saytı xəbər verir ki, o, klubumuzun uğurlarının davamlı olacağına inamını ifadə edərək, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib:

“İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu oyun hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür.

Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün – iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm.

Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq mən əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.

Həmin kateqoriyadan