“Bu oyun sanki bir triller idi”

Çempionlar liqasının 3-cü təsnifatının cavab oyunları çərçivəsində “Lüdoqoreç” – “Qarabağ” matçından (2:7) sonra baş məşqçimiz Qurban Qurbanov fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, Bolqarıstanda qarşılaşmanı belə dəyərləndirib:  

“Futbolçularımı təbrik edirəm. Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubuna malikdirlər. Bunun da qarşısını almalı idik. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən 2 qol buraxdıq.

Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Amma oyunu ələ almağı bacardıq. Futbolçularla da söhbətimiz olmuşdu ki, sonadək soyuqqanlı oynamalıyıq. İlk dəqiqələrdə bir az həyəcan olsa da, oyunu tam ələ ala bildilər.

Ümidsiz deyildim və futbolçulara demişdim ki, belə matçlardan çox keçmişik. Onlara hətta 120 dəqiqə oynamalı ola biləcəyimizi söyləmişdim. Psixoloji cəhətdən buna hazır olmalı idik.

Futbolçularıma yalnız “afərin”, “əhsən” düşür. Bütün Azərbaycanı, azarkeşlərimizi təbrik edirəm. Bu oyun sanki bir triller idi. Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi. “Qarabağ”ımı təbrik edirəm”.

Həmin kateqoriyadan