Ernesto Valverde: “İnter” Bakıda bizə qol vura bilər”

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “İnter”lə mübarizə aparan İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde Bakıda keçiriləcək cavab matçı öncəsi bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“Meydança ilə tanış oldum. Biz təbii ot örtüklü meydançada oynamağa alışmışıq. Bu stadion isə süni örtüklüdür. Bu gün keçirəcəyimiz son məşqdə əlimizdən gələni edəcəyik ki, futbolçular süni örtüyə alışsınlar. Qazon amilinin komandamın oyununa ciddi təsir edəcəyini düşünmürəm”.

Valverde Bakıdakı istilərə də toxunub: “Əlbəttə, hava burada çox istidir. Amma mən bunu səbəb kimi göstərə bilmərəm. Çünki Bilbaoda da havalar isti keçir. Üstəlik, hər iki komanda eyni şərtlər altında oynayacaq”.

“İlk oyundan sonra hesabda üstün olsaq da, cavab oyununda bizi çətin mübarizə gözləyir. Ona görə də hələ hər şey qabaqdadır. Bilbaoda başladığımız işi Bakıda davam etdirməliyik. Fikrimcə, rəqibimiz də bu dəfə fərqli oynayacaq. İlk oyunda onlar heç-heçəyə oynasalar da, iki qol buraxdılar. Sabah isə “İnter” qol vurmağa, azarkeşlərini sevindirməyə çalışacaq”.

Valverde cavab matçına buraxacağı start heyəti barədə qısa danışıb: “Start heyətin 90 faizi Bilbaoda meydana çıxanlardan ibarət olacaq”.

Rəqib komandanın ciddi maliyyə problemlərindən əziyyət çəkməsinə münasibət bildirmək istəməyən “Atletik”in çalışdırıcısı yalnız bunları söyləyib: “Rəqibin problemləri barədə düşünmürük. Sabah istənilən halda ehtiyatlı oynmalıyıq. “İnter”in təhlükəli futbolçuları var. Məsələn, Rauf Əliyev istənilən vaxt qol vura bilər”.

Həmin kateqoriyadan