Firdovsu Umudov: Bundan sonra əsas diqqətimiz Tokio olimpiadasına yönələcək

Sərbəst güləş millimiz də İslam oyunlarında uğurlu çıxış etdi. Allsport.az saytı xəbər verir ki, Firdovsu Umudovun komandası 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı. Baş məşqçi KİV-ə açıqlamasında nəticəni yüksək saydı: “Bəzi güləşçilərimiz finala qədər özlərini doğrultdular. Lakin finalda müəyyən çatışmazlıqlar oldu. 70 kq-da Murtuzəli Müslümovdan belə çıxış gözləmirdik. O, istədiyi kimi mübarizə apara bilmədi. Buna baxmayaraq, gümüş medala yiyələndi.

Cəbrayıl Həsənovun da çıxışı alınmadı. Digər görüşlərdə təcrübəli güləşçilərimiz Hacı Əliyev, Şərif Şərifov, Nurməhəmməd Hacıyev öz sözlərini dedilər. 97 kq-da Nurməhəmməd Hacıyev özünü çox yaxşı göstərdi. O, bu çəki dərəcəsində yerini möhkəmləndirdi. 2020-ci ildə Tokioda təşkil olunacaq yay olimpiadasına heyəti müəyyənləşdirərkən onu da nəzərdən keçirəcəyik. İlin əvvəlində dünya kubokunda komandamız 3-cü yeri tutmuşdu.

Sonra Avropa çempionatında 2-ci yeri əldə etməyimiz bu oyunlarda da nəticələrimizin yüksək olacağını deməyə əsas verirdi. 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandıq. Bu, gözlədiyimizdən də yaxşı nəticədir. Düzdür, çatışmazlıqlarımız da var, onun üzərində işləyəcəyik. Bizim üçün hər bir yarış önəmlidir. Bundan sonra əsas diqqətimiz Tokio olimpiadasına yönələcək”.

Prezident İlham Əliyevin ailə üzvləri ilə yarışları izləməsinin güləşçilərimizə əlavə güc verdiyini bildirən mütəxəssis, bu uğurla Azərbaycan idman ölkəsi olduğunu bir daha sübut etdini dedi. Respublikamızda idmana böyük diqqət və qayğı göstərilir. Güləşçilərimiz də onlar üçün yaradılan bu şəraitdən istifadə edərək, yeni-yeni zəfərlərə yetişirlər.

Həmin kateqoriyadan