Füzuli Məmmədov: “Neftçi”də oynayan futbolçular belə uşaq səhvləri etməməlidir”

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”a uduzduqları oyundan (1:3) sonra açıqlama verib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

“Çox ciddi hazırlaşmışdıq. Oyuna yaxşı köklənmişdik. Meydana qələbə üçün çıxmışdıq. Bu cür komandalara qarşı daha diqqətli oynamaq lazım idi. Futbolçularımız çox əzmkarlıq göstərdilər, qələbə qazanmaq üçün əziyyət çəkdilər. Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı. Artıq qarşıdakı matçlara köklənib, bu oyunlara hazırlaşacağıq.

“Qalatasaray”ın orta xəttinin çox güclü olduğunu bilirdik. Planımız daha yığcam oynamaq, rəqibin səhvlərindən istifadə edib əks-hücumlar qurmaq idi. İlk hissədə bir-iki əks hücumumuz oldu ki, istifadə edə bilərdik. Rəqibin mərkəzdəki oyunçuları özlərini kompakt hiss etmirdilər, çünki yığcam oynayırdıq.

Qurduğumuz plan rəqibin rahat oynamasına imkan verməmək idi. Bir əks-hücumdan da fərqlənə bilərdik. Bu gün kobud səhvlərə görə uduzduq. “Neftçi”də oynayan futbolçular belə uşaq səhvləri etməməlidir. İlk dəqiqələrdə həyəcan ola bilər. İkinci hissədə qol vurduqdan dərhal sonra top buraxmaq üzücüdür. İbara tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Bir qol fürsəti oldu, amma Samana ötürmə verdi. Bunu özünə də dedim.

Bəli, “Qalatasaray”la matçda əvvəlki səhvləri təkrarlamadıq, sadəcə, ötürmələrdə kobud səhvlər etdik. Bizi “Qarabağ”la çətin oyun gözləyir. Həmin görüşə də meydana qalib gəlmək üçün çıxacağıq. Yusuf Lavalın keyfiyyətlərini bura gəlməzdən əvvəl bilirdim. Onun fərdi keyfiyyətləri çox yaxşıdır. Sadəcə, yeni futbolçulara bir az zaman lazımdır. Vaxt keçdikdə bu oyunçular da kollektivə tam uyğunlaşacaq. Pandemiya digər komandalar kimi, bizə də təsir etdi. Qarşıdakı oyunlara psixoloji cəhətdən hazır olmağa çalışacağıq”.

Həmin kateqoriyadan