- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü millimizin baş məşqçisi Robert Prosineçki deyib. O, AFFA-nın rəsmi saytına açıqlamasında, Azərbaycan vətəndaşlığını alan Ramil Şeydayev və Emin Mahmudov barədə düşüncələrini bildirib: “Ümidvaram ki, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcək. Onları diqqət mərkəzində saxlayacağıq. Ehtiyac yaranarsa, köməkçilərim oyunlarını canlı izləyəcək.
Milli komandanın avqustun 24-də başlayacaq təlim-məşq toplanışına hər iki futbolçunu dəvət edib, məşqi canlı izləyəcəyəm. Bu futbolçuların milli komandada çıxış etməsi bizim Avro-2020 ilə bağlı planlarımıza müsbət təsir göstərə bilər. İkisi də gəncdir və uzun illər milli komandada çıxış etmələri mümkündür. Hərçənd işimiz bununla kifayətlənməyəcək, gənc oyunçuların axtarışını davam etdirəcəyik.
Bizi 2020-ci ildən əvvəl DÇ-2018-in seçmə mərhələsinin oyunları gözləyir. Hələ ki, bütün diqqətimizi bu seçmə mərhələyə yönəltməliyik. İlk oyunumuzu səfərdə San Marino yığmasına qarşı keçirəcəyik. Qrup mərhələsinə uğurlu start vermək üçün bu oyunda mütləq qələbə qazanmalıyıq. Daha sonra evdə Norveç yığmasını qəbul edəcəyik. Ümid edirəm ki, futbolçularımızdan heç biri zədəli olmayacaq”.
Xorvatiyalı mütəxəssis, Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək “Qarabağ” və “Qəbələ” klubları barədə də fikir bildirib: “Avrokuboklarda “Qarabağ” və “Qəbələ”yə pley-off mərhələsində keçirəcəkləri oyunlarda uğurlar arzulayıram. İnanıram ki, hər iki komanda uğurlu çıxış edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, azarkeşlərini sevindirəcək. Bu, Azərbaycan futbolu üçün çox vacibdir”.