- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
O, 2010-cu ildən parlamağa başladı. Yunan-Roma üzrə gənclər arasında milli komandanın heyətində uğurlu çıxış etməklə, ustalardan ibarət yığmaya dəvət aldı. Elə ilk cəhddə özünü doğrultdu. Bakıda keçirilən Avropa çempionatında 60 kq-da baş mükafata sahib çıxdı. Vətəndə hamının diqqətini ayaq üstə rəqiblərdən məharətlə necə xal almısı ilə çəkdi. Yeni istedad başqa ölkələrdəki gələcək rəqiblərini əl-ayağa saldı. Amma ox artıq yaydan çıxmışdı – qarşısında duruş gətirmək mümkün deyildi. Həmin il, güləşin hegemon olduğu məmləkətdə, Rusiya paytaxtında təşkil olunmuş planetin ən güclülərinin yarışında adlı-sanlı bahadırları rahatlıqla, gözəl texnika nümayiş etdirməklə məğlub edib, qızıl medal qazandı.
Sübut etdi ki, əvvəlki qələbəsi heç də təsadüfi deyil. Hamı gənc qalib bahadırdan yeni zəfər gözlədiyi bir dönəmdə, sanki ona göz dəydi; qızıl medal gəlmədi ki, gəlmədi. İnsafən, Avropa səhnəsində uğurları davamlı şəkil alırdı. Amma zirvəni fəth etmək daha mümkün olmurdu. Dünya arenalarda, ən kiçik əyarlı mükafatın belə qazanılması müşkülə çevrilmişdi. Gözlər London-2012-yə dikildiyi anda, ordan da yaxşı xəbər gəlmədi. Belədə, gənc pəhləvan birdən qazandığı nüfuzu yavaş-yavaş itirməyə başladı. Söhbət yunan-Roma güləşçisi Həsən Əliyevdən gedir. Eşitdiyimizə görə, bir qədər çətin inanılsa da, deyəsən o, gələn mövsüm uçun qarşısına ciddi məqsəd qoyub: keçmiş şöhrəti qaytarmaq! Söhbətin hardan qaynaqlandığını, nəyə əsaslandığını və nə dərəcədə düz olduğunu öyrənmək üçün bu günlərdə allsport.az saytı onunla əlaqə saxlayıb, gələcək planlarını öyrənib:
– Dekabrın 14-də Azərbaycan çempionatı başlayır. Bu ölkə daxili rəqabətdən sonra milli komandanın heyəti formalaşacaq.
– Planlar böyükdür. Qarşıdakı 2 ildə mühüm yarışlar var. Taktikamı ona görə qurmalıyam. Düzünə qalsa, uğursuzluqdan bezmişəm. Ona görə mötəbər yarışlarda maksimum nəticəyə çalışacağam. Çünki idmançı üçün fəxri kürsünün zirvəsi, digər yerləri tutmaqdan daha qürurvericidir.
– Deyirsən ki, uğursuzluqdan bezmisən. Nədir bunun səbəbi? Son zamanlar böyük qələbələr niyə səndən yan ötür?
– Belə, hər şey qaydasındadır. Bir-iki səbəb var, o da özümdədir. Bəziləri idmançılar uğur qazanandan sonra, boşaldığını düşünür. Burada bir məqama toxunum: hələ olimpiya çempionu olmamışam! Nəzərə alınmalıdır ki, çəkimi dəyişməyimə baxmayaraq, hər il nəticə verirəm. Son Avropa çempionatının finalında qələbəni sona 3 saniyə qalmış necə əlimdən alındığını hər kəs gördü.
Bəzilərinin dilindən desək, qudurğanlıq olsaydı, həlledici mərhələyə yüksələ bilməzdim. Çoxdan idmandan uzaqlaşıb getmişdim.
– Gələn il beynəlxalq yarışlarda mübarizə aparmaq üçün, ilk növbədə, yenə məşqçilər heyətinin etimadını qazanmalısan. Başqa sözlə, ölkə çempionatında öz çəkində (66 kq-red) 1-ci olmalısan. Bacaracaqsanmı?
– Çox güclü rəqiblərim var. Buna rəğmən, qızıl medal qazanmağa çalışacağam. Qoy bu yarış hər kəsə uğur gətirsin. İnşallah, kim layiqdirsə, o da birinci olsun – əziyyət çəkən, bəhrəsini görsün.
– Həsən, indi Rio olimpiadasında qızıl medala iddianı ortaya qoydun. Bəllidir ki, Braziliyaya gedən ilk yol Bakı-2015-dən keçir. 1-ci Avropa Oyunlarında tarixə düşmək planına daxildirmi?
– Kim istəməz ki, ilk qitə olimpiadanın qalib olmasın!? Özü də, əgər həmin mötəbər yarış ölkəndə keçirilirsə.
– Amma gəl razılaş, son dövrdə zirvəni fəth etmək sənə nəsib olmur…
– Təbii (gülümsəyir). İndi məşq etməkdən başqa heç nəyi duşunmurəm.
– Toparlanmaq üçün, özlüyündə başqa hansı dəyişiklikləri edəcəksək?
– Mən çox həssas insanam. Məğlub olduğum yarışların çoxu zəif olmağımdan irəli gəlmir, psixoloji yorğunluqla əlaqəlidir. Özümü çox sıxıram. Bu, mənə halsızlıq verir. Güləş döşəyinə çıxanda, özümdə olmuram. Bu, kənardan da sezilir. Əvvəllər adi bir idmançı kimi mübarizə aparırdım. Amma bu gün belə deyil: məsuliyyət yükü çoxdur. Bu da məni sıxır.
– Elədir, sentyabrda Daşkənddə keçirilmiş dünya çempionatında mən də bunun canlı şahidi oldum. Həlledici, 3-cü yer uğrunda görüş uzun çəkmədi və sən çox asan təslim oldun.
– Bəli, elə ən böyük problemim budur. Məni tanıyan məşqçi və idmançıların hər birindən soruşa bilərsiniz ki, necə məşq keçirəm. Bu uğursuzluğun səbəbi az məşq edib, boşalmaq deyil.
– Demək istəyirsən, psixolojidir?
– Bəli. Başqa səbəb yoxdur. İdmançıya nə lazımdırsa, o da var. Hər şey qaydasındadır.
– Bunu aradan qaldırmaq heç də asan deyil.
– Asandır. Sadəcə, yenə deyirəm, çox həssas olduğum üçün, adi şeyləri belə, özümə böyük problem edirəm. Psixoloqla işləməyi düşünürəm.
– 2015-ci il Həsən Əliyevə dönüş ili ola bilərmi?
– Niyə də olmasın (gülümsəyir).