İlham Əliyev Atəşgahda Bakı-2015 alovunun götürülməsi mərasimində iştirak edib

Ötən gün Atəşgah Məbədindən Birinci Avropa Oyunları alovunun götürülməsi mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Tədbirdə həmçinin Azərbaycanın birinci xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də, 150-dən artıq qonaq iştirak edib.

Azərbaycanın tarixi abidələrindən biri olan, Bakı şəhərinin kənarında yerləşən qədim Atəşgah Məbədi Zərdüşt atəşpərəstlərinin əsrlərlə sitayiş etdikləri məkan olub. Mərkəzində təbii yanar ocaq olan Atəşgah məbədi Bakının 30 kilometrliyində, Suraxanı qəsəbəsində yerləşir.

Qədim Yunanıstanda Olimpiya Alovu Günəş şüalarından alınırdı. “Odlar Yurdu” Azərbaycanda isə, Birinci Avropa Oyunları üçün alov Yerin təkindən götürülüb.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, digər sahələrdə olduğu kimi, idman sahəsində də ölkəmiz çox böyük uğurlara imza atıb. Məhz bu uğurların bariz nümunəsi olaraq ölkəmiz Birinci Avropa Oyunlarının keçirilməsi üçün layiqli məkana çevrilən paytaxtımız, yeni infrastruktur layihələri ilə Avropa Oyunları üçün əbədi irs yaradacaq və bununövbəti Oyunlara ev sahibliyi edəcək şəhərə ötürəcək.

Çıxışında dövlətmizin başçısı Məşəl estafetinin Azərbaycanın bütün bölgələrini əhatə edərək, xalqımızın hər bir nümayəndəsini Birinci Avropa Oyunlarına ilhamlandıracağını bildirib.

Məşəl estafeti idman vasitəsilə həmrəylik və sevinc ruhunu təbliğ edəcək, bütün xalqımızı Oyunlara cəlb etməklə yanaşı, ölkəmizin valehedici təbii gözəlliyinidə nümayiş etdirəcək.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında Məşəl estafetinin dostluq və hörmət işarəsi olaraq ali olimpiya dəyərlərini özündə tam ehtiva etdiyini xatıradıb. Patrik Hikki bildirib ki, alovu bir-birinə ötürməklə vəhdət nümayiş etdirən məşəlçilər idman vasitəsilə sülhü, dostluğu və bayram ovqatını bütün ölkəyə yayacaqlar.

Patrik Hikki: “Bütün ölkənizin göstərdiyi fədakarlıqlar və səylər nəticəsində Bakı 2015 Birinci Avropa Oyunları həqiqətə çevriləcək. Azərbaycanın rəhbərliyi ilə işləmək çox məmnunedicidir. Sizin peşəkarlığınız və diqqətiniz hər zaman bizi heyrətləndirib”.

Mərasimin bədii hissəsində qonaqlara milli rəqs nümayişi və musiqi təqdim olunub. Ardınca mərasimin ən əlamətdar hissəsi başlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Birinci Avropa Oyunlarının alovunu götürmək üçün məbədə daxil olublar.

Bu anda, qonaqların arxasında qədim məbədin qapıları bağlanırb və qonaqlar bu tarixi anı yalnız çöldə, divarlardan quraşdırılmış ekranardan izləyiblər. Alovun götürüldüyü an pirotexnik vasitələrlə improvizə olunub və dövlətimizin başçısı, birinci xanım və AOK prezidenti məbədin qapılarından geri qayıdırlar.

Sonra Avropa Oyunlarının ilk məşəlçisi həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanova Prezident İlham Əliyevə qoşularaq, öz məşəlini Prezidentin tutduğu alovla yandırıb və Alov Səyahətini başladıb.

Bununla da Bakı 2015, Birinci Avropa Oyunları alovunun ölkə boyunca səyahətinə start verildi. Azərbaycan təbiətinin, mədəniyyətinin və irsinin təntənəli bayramında məşəl ölkənin hər bir yerinə səyahət edərək, Oyunların ruhunu təbliğ edəcək və 60 regionda insanların qəlbini isidəcək.

Həmin kateqoriyadan