Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimi

Bakıda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyi və çempionatının rəsmi açılış mərasimi baş tutub. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan kamandan oxatma federasiyasının (AKOF) rəsmiləri, gənclər və idman nazirliyinin (GİN) nümayəndəsi, idmançılar, məşqçi və hakim heyəti iştirak ediblər.

​Yarışı giriş nitqi ilə açan AKOF-un baş katibi Fərid Xəlilov federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqlarının artırılması, habelə onların yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edib.

O bildirib ki, kamandan oxatma idman növünün inkişafına yönələn tədbirlər idmançıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, bu sahəyə olan marağı daha da artırıb. F. Xəlilov həmçinin çempionatın milli komandanın tərkibinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

​GİN-in strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva çıxışında nazirlik tərəfindən idman sahəsində aparılan islahatların əhəmiyyətini qeyd edib. O, bu növ yarışların ölkədə idmanın kütləviliyinin artırılması və yüksək nailiyyətlər üçün sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb. Ü. Hacıyeva çıxışının sonunda çempionatı açıq elan edərək bütün idmançılara müvəffəqiyyətlər diləyib.

​Rəsmi hissədən sonra çempionatın təsnifat mərhələsinə start verilib. Yarışın ilk günündə 70-dən çox idmançı böyüklər (kişi və qadın) və U21 gənclər (kişi və qadın) kateqoriyaları üzrə mübarizəyə qoşulublar.

Reqlamentə uyğun olaraq, idmançılar 18 metr məsafədən 4 sessiya ərzində ümumilikdə 120 ox ataraq (hər sessiyada 30 ox) öz bacarıqlarını nümayiş etdiriblər.

Gərgin keçən kvalifikasiya mərhələsi növbəti mərhələlərin iştirakçılarını müəyyənləşdirib. Yarışın proqramına əsasən, növbəti gündə idmançılar 1/16, 1/8 və 1/4 final mərhələlərində güclərini sınayacaqlar.

Həmin kateqoriyadan