Konqresmenlərdən FİFA-ya müraciət

ABŞ konqresinin 70-ə yaxın üzvü FİFA-ya məktub göndərərək DÇ-2026-nın bilet qiymətlərinin aşağı salınmasını və ev sahibi olan şəhərlərə maliyyə yardımı ayrılmasını tələb edib.

Allsport.az xəbər verir ki, kaliforniyalı nümayəndə Sidni Kamlager-Dovun təşəbbüsü ilə hazırlanan müraciəti 68 demokrat konqresmen imzalayıb.

Bu addım bir neçə aydır davam edən bilet qiymətləri ilə bağlı müzakirələr və bəzi şəhərlərin maliyyə çətinlikləri səbəbindən azarkeş festivallarını ixtisar etməsi fonunda atılıb. Kamlager-Dov bildirib ki, yerli sakinlər, biznes sahibləri və şəhər merləri FİFA-nın qapalılığından və şəhərlərin üzərinə düşən ağır xərclərdən narazıdırlar.

Məktubda turnirə ev sahibliyi edəcək bütün 11 şəhərin (Los-Anceles, San-Fransisko, Nyu-York/Nyu-Cersi, Mayami, Sietl, Filadelfiya, Hyuston, Boston, Dallas, Atlanta və Kanzas-Siti) nümayəndələrinin imzası yer alıb. Konqresmen qeyd edib ki, təhlükəsizlik, nəqliyyat və digər təşkilati xərclər tamamilə şəhərlərin üzərinə düşsə də, FİFA bu prosesdə maliyyə dəstəyi göstərmir.

Həmin kateqoriyadan