Mahirdən 50-ci qol

Premyer liqanın 5-ci turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Əmrəli üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb.

Bu, 23 yaşlı hücumçunun Azərbaycan çempionatlarında 50-ci qolu olub. Dünənki matçadək 49 dəfə fərqlənən Əmrəli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir premyer liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

Əmrəli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən hücumçu bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.

Həmin kateqoriyadan