Mahmud Qurbanovdan üsyan: Uğursuzluğa rəğmən, AFFA yenə əcnəbi məşqçilərə etibar edir

“Neçə illərdir yığmaya ancaq əcnəbi mütəxəssislər rəhbərlik edir. Nə qədər əcnəbilərə güvənmək, onlara şans vermək olar?” Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin əvəzedicilərinin baş məşqçisi Mahmud Qurbanov deyib. “Futbol+” qəzetinə açıqlamasında milli komandalarımızda yerli məşqçilərə fürsət verilməli olduğunu bildirən 47 yaşlı məşqçi, özünün nəyə qadir olduğunu göstərmək istədiyini qeyd edib:

“Mən Mahmud Qurbanov da işləmək, özümü təsdiq etmək istəyirəm. Bunun üçün savadım da var, təcrübəm də. Futbolçu kimi ölkə futbolunun tarixində qoyduğum izi məşqçi kimi də təkrarlamaq istəyirəm. Bunu narazılıq, giley-güzar kimi qəbul etməyin. Buna haqqım çatır. Məşqçi kimi nəyə qadir olduğumu göstərmək istəyirəm.

Əcnəbinin rəhbərliyi ilə görün neçə tsikl boşa verilib, ancaq yenə onlara etibar edirlər. Özümüzünkü isə bir dəfə uğursuzluğa düçar olan kimi postundan uzaqlaşdırırlar. Azərbaycan futbolunu qaldıran, yeni səviyyəyə yüksəldən məhz azərbaycanlı məşqçi olacaq”.

Həmin kateqoriyadan