Millimizin futbolçusu La Liqa klubuna keçidindən danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov yeni mövsümdən İspaniyanın “Eybar” klubunda çıxış edəcək. Allsport.az xəbər verir ki, müqavilə ilə “Mursiya”ya məxsus olan futbolçumuz yeni klubu ilə bir illik icarə müqaviləsi imzalayıb. Amma “Eybar” növbəti yay onun transfer hüququnu tam almaq şansına da malikdir.

La Liqa təmsilçisi artıq Eddini ictimaiyyətə təqdim edib. İsrafilov təqdimat mərasimində bu keçidlə bağlı fikirlərini açıqlayıb:

“Növbəti mövsümü “Eybar”da keçirməyin daha yaxşı variant olduğuna qərar verdim. Danışıqlar uğurlu alındı. Fikrimcə, “Eybar”la uğur qazana bilərəm. Komanda yeni mövsümə yaxşı hazırlaşır. “Eybar”ın son mövsümdə sərgilədiyi oyun da xoşuma gəlir. Fikrimcə, öz oyunumla yeni komandama faydalı olacağam”.

Klub prezidenti Aleks Aranzabal isə 22 yaşlı yarımmüdafiəçini transfer etmələrinə belə şərh verib: “Eddi fiziki baxımdan yaxşı göstəricilərə malikdir. Təkbətək və hava mübarizələrində yaxşı təsir bağışlayır. Gözəl hücum potensialına da malikdir. O, “Eybar”ı daha da gücləndirəcək. Eyni zamanda özü də elitada özünü yaxşı tərəfdən göstərmək şansı qazanacaq”.

Həmin kateqoriyadan