- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Mingəçevirdə ilin 235 gününün günəşli keçməsi, hava şəraitinin mülayim olması, qış fəslində Kür çayının donmaması şəhərdə su idmanı yarışlarının inkişafında xüsusi rol oynayır. Allsport.az xəbər verir ki, təbiətin yaratdığı bu üstünlük Mingəçevirə su idmanı yarışlarına ev sahibliyi etmək hüququ verib. Qarşıdan gələn birinci Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlara hazırlaşan Mingəçevirdə müasir infrastruktur yaradılıb. Belə komplekslərdən biri “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Tədris-İdman Mərkəzində görülən işlər barədə məlumat verərək bildirib ki, təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan bu kompleks ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir.
Hələ 2004-cü ildə Prezident İlham Əliyev Mingəçevirə səfəri zamanı mərkəzlə tanış olub, onun müasir tələblərə uyğun yenidən qurulmasına göstəriş verib. “Bundan sonra Milli Avarçəkmə Federasiyası təsis olunub və Azərbaycanda idmanın bu növü dirçəliş dövrünə qədəm qoyub. Hazırda Cavid Əfəndiyev, Aleksandr Jdanov, Toğrul Qurbanzadə, Teymur Kutseba, Aleksandr Qlotov, Kamal Məmmədov kimi gənc və perspektivli akademik avarçəkənlərimiz, dünya və Avropa çempionatlarında medallar qazanan Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko kimi kanoeçilərimiz var”, – deyə K.Nəcəfli bildirib.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara uyğun yenidən qurularaq 2010-cu ildə istismara verilməsindən sonra şəhərdə tez-tez yerli və beynəlxalq səviyyədə avarçəkmə yarışlarının keçirildiyini xatırladan Gənclər və İdman İdarəsinin rəisi deyib: “Hazırda Mingəçevir birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına ciddi hazırlaşır. Bu məqsədlə şəhərdə geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülür, səliqə-sahman yaradılır. İyunun 14-dən 16-dək “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 350-dən çox idmançı iştirak edəcək. Yarış iştirakçıları, yerli və xarici qonaqlar Mingəçevirdəki otellərdə, eləcə də yeni salınan şəhərcikdə yerləşdiriləcəklər. Yarışlar zamanı idmançıların istirahəti və məşq etmələri üçün də lazımi şərait yaradılır”.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan yenidənqurma işləri Prezident İlham Əliyevin də daim nəzarətindədir. Bu il fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində görülən işlərlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, hazırda mərkəzdə yenidənqurma tədbirlərinin son mərhələsi həyata keçirilir və işlər mərkəzin otel hissəsini də əhatə edir.
Mərkəzdə görülən işlər Avropa Olimpiya Komitəsinin (EOC) də diqqətindədir. Belə ki, EOC-un oyunlar üzrə baş məsləhətçisi Quido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihan bu yaxınlarda Mingəçevirə səfər edib, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan yenidənqurma işlərini müsbət qiymətləndiriblər.
İcra hakimiyyətinin əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayev isə şəhərdə sosial infrastrukturun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, hazırda Mingəçevir şəhərində elektrik, telekommunikasiya, içməli su, yaşıllaşdırma, ictimai nəqliyyat, tikinti sahələrinə cavabdeh olan idarə və təşkilatların kollektivləri Mingəçevirin birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi üçün səylə çalışırlar: “Yarışlar zamanı Mingəçevirin elektrik enerjisi ilə yüksək səviyyədə təminatı da diqqətdən kənarda qalmayıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində, İslamzadə, Maqomayev və digər küçələrində hava xətləri yeraltı kabellərlə əvəzlənib, digər küçələrdə köhnə naqillər, elektrik dirəkləri dəyişdirilib, 37 transformator yarımstansiyası təmir olunub. Hazırda elektrik yarımstansiyasından “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə yeni elektrik xətti çəkilir, mövcud xətdə isə təmir işləri aparılır”.
A.Musayev qeyd edib ki, müvafiq tədbirlər planına əsasən Mingəçevir Telekommunikasiya Qovşağı da Avropa Oyunlarına ciddi hazırlaşır. Qurumun bu istiqamətdə üzərinə düşən əsas vəzifə informasiyanın etibarlı ötürülməsini təmin etmək, şəhərdə keyfiyyətli internet şəbəkəsi və yüksək səviyyəli rabitə sistemi yaratmaqdır. Oyunların keçiriləcəyi ərazilərə, eləcə də idmançıların, rəsmi qonaqların yerləşəcəyi obyektlərə əsas və alternativ kabellər çəkilir. Şəhərdə müasir və yüksək səviyyəli bütün texniki imkanlara malik NGN tipli -*ATS quraşdırılacaq. Bu məqsədlə artıq optik kabellər çəkilib və hazırda əlaqələndirmə işləri aparılır. Keyfiyyətli telefon rabitəsi və sürətli internet xidmətlərinin təşkili ilə bağlı işlərin, yarışlar zamanı bu sahədə problemlərin olmaması üçün lazımi tədbirlərin vaxtından əvvəl başa çatdırılması nəzərdə tutulur.
Avropa Oyunları ərəfəsində Mingəçevir şəhərində ictimai nəqliyyat sistemi də yenilənir. Hazırda “QAZel” markalı köhnə mikroavtobuslar iritutumlu İSUZU və OTOYOL markalı avtobuslarla əvəz edilir. Bu günədək 30 ədəd ictimai nəqliyyat vasitəsi müasir tipli avtobuslarla dəyişdirilib. Şəhərdə ictimai nəqliyyat xidmətlərinin müasir tələblərə uyğun qurulması üçün bu sahədə görülən işlər davam etdirilir.
Avropa Oyunlarının hazırlıq çərçivəsində Mingəçevirdə görülən işlər bununla da bitmir. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması da diqqətdə saxlanılır. Bu günədək şəhərdə 41 kilometr yeni su kəməri, 30 kilometr kanalizasiya xətti çəkilib, 3 kanalizasiya nasos stansiyası tikilib. Əsas küçə və prospektlərdə yeni su-kanalizasiya xətlərinin çəkilişi qısa müddətdə yekunlaşıb. Şəhərdə müasir texnologiyalara əsaslanan və sutkada 50 min kubmetr su təmizləmək gücünə malik qurğunun inşasının birinci mərhələsi isə may ayınadək başa çatdırılacaq.
Şəhərdə tikinti-quruculuq işləri ilə yanaşı, abadlıq işlərinə də böyük önəm verildiyini, yeni yaşıllıqların salındığını, parklarda təmir-bərpa və yenidənqurma işlərinin görüldüyünü diqqətə çatdıran A.Musayev deyib: “Bu günlərdə Mingəçevir Mərkəzi şəhər xəstəxanasının binası da əsaslı şəkildə təmir edilərək əhalinin istifadəsinə verilib. Heydər Əliyev meydanında və parkında aparılan əsaslı yenidənqurma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Sahil parkında tikintisi davam etdirilən kanat yolu isə Kür çayının sağ və sol sahillərini birləşdirəcək. Bu ikixətli kanat yolu gələn qonaqlar üçün cəlbedici olmaqla yanaşı, həm də hərəkət rahatlığı yaradacaq. 212 metrlik kanat yolunda iki kabinə mövcud olacaq”.
Avropa Oyunlarının yay mövsümündə keçiriləcəyi nəzərə alınaraq, Mingəçevir su anbarının kənarındakı çimərlikdə turistlərin istirahəti üçün də yüksək səviyyədə şərait yaradılır. Bu çimərliyə ildə 10 minlərlə insan gəlir. Burada yaradılan yeni şərait turistlərin şəhərə cəlb edilməsi üçün xüsusi önəm daşıyır. Şəhərdəki yaşayış binalarının, xidmət obyektlərinin fasadlarına müasir işıqlandırma sistemi quraşdırılır ki, bu da gecələr Mingəçeviri füsunkar gözəlliyə qərq edir. Hazırda Mingəçevirdə Avropa standartlarına cavab verən 5 otel fəaliyyət göstərir və yaxın gələcəkdə bir neçə yeni otelin istifadəyə verilməsi də nəzərdə tutulur. Avropa Oyunlarını izləmək üçün Mingəçevirə gələcək yerli və xarici turistlər Kür çayının sahilində, eləcə də şəhərin müxtəlif səfalı məkanlarında restoran və yeməkxanalar şəbəkəsinin xidmətlərindən də istifadə edə biləcəklər. Yarışlar zamanı Mingəçevirə gələcək yerli və xarici qonaqların nağdsız ödənişlər etməsi üçün şəhərdəki xidmət və ticarət obyektlərində, ümumilikdə, 2050 ədəd pos-terminal quraşdırılıb və hazırda onların hamısı fəaliyyət göstərir.
Şəhərdə görülən işlər əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.