“Neftçi arena”nın yenidən təmirə qapadılır

“Neftçi”nin ev oyunlarını keçirdiyi stadion müvəqqəti olaraq təmirə bağlanır. Allsport.az saytı xəbər verir ki, bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb. “Neftçi arena”nın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır olmadığı məlum olub.

Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsinə qərar verilmişdi. Bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yarandı.

Mövcud vəziyyəti, komandamızın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan rəhbərlik “Neftçi arena”nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib.

Bununla əlaqədar klubumuz tərəfindın Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin premyer liqasının 7-ci turunda “Qarabağ”la keçirəcəyimiz ev oyununa kimi tamamlanması nəzərdə tutulub.

Həmin kateqoriyadan