- Baxış sayı: 35
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
Peşəkar futbol liqası COVID-19 pandemiyasına görə ölkədə yaranmış ümumi vəziyyət nəzərə alınaraq 2020/2021-ci illər mövsümünün əsasnaməsinə əlavələr edib. Allsport.az xəbər verir ki əlavələr aşağıdakılardır:
1. Stadionda, bazada, informasiya lövhəsində Koronavirus pandemiyasından qorunmağın yolları haqqında məlumatlar öz əksini tapmalıdır.
2. Oyunun keçirildiyi stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanmalıdır.
3. Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanılmalıdır. Hərarəti 37.5 dərəcədən yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər, əks təqdirdə həmin şəxslərin girişinə icazə verilməməlidir. Bütün bunlara nəzarət etmək üçün stadiona giriş bir yerdən olacaq. Məlum pandemiyanın əlamətləri aşkarlanan şəxs izolyasiya edilməlidir.
4. Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır. İclasda iştirak edən şəxslər mütləq şəkildə sosial məsafəyə riayət etməlidirlər. AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda hər kəs tibbi maskadan istifadə etməlidir.
İclasda iştirak etməli olan səlahiyyətli şəxslərin siyahısı:
I. AFFA nümayəndəsi
II. Meydan sahibi komandanın nümayəndəsi
III. Qonaq komandanın nümayəndəsi
IV. Nəzarət Buraxılış xidmətinin nümayəndəsi
V. Stadion nümayəndəsi
VI. Polis əməkdaşı
VII. Təcili Tibbi Yardım nümayəndəsi
VIII. FHN (yanğınsöndürən) nümayəndəsi
Xüsusi qeyd: Nümayəndə iclasın gedişində mütləq şəkildə COVID-19-la bağlı danışmalı və təlimata uyğun fikirlərini bildirməlidir.
5. İclasdan sonra bütün otaqların dezinfeksiya edilməsinə nümayəndə tərəfindən nəzarət edilməlidir.
6. Futbolçular oyuna üzərlərində PFL tərəfindən verilmiş xüsusi “A buraxılışı” ilə gəlməlidirlər. Üzərində “A buraxılışı” olmayan şəxs stadion, baza ərazisinə daxil ola bilməz. Bu, polis və yerli komandanın Nəzarət Buraxılış xidməti tərəfindən tənzimlənir. Şəkilli “A buraxılışı”na malik şəxslər stadionda zonalar üzrə bölünəcək və hər kəsin mənsub olduğu zona Buraxılış vəsiqəsinin üzərində öz əksini tapacaq.
7. Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.
8. Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz.
9. Stadionda, bazada, istifadə olunan bütün otaqlarda, “sky-box”ların ümumi girişində, eləcə də sanitar qovşaqlarda dezinfeksiya aparatları olmalıdır.
10. Oyunlara yalnız Peşəkar Futbol Liqası tərəfindən qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər. Müvafiq departamentlər bununla bağlı əməkdaşlarına məlumat versinlər.
11. Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub-geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır. Əgər geyim formasında hər hansı problem varsa belə oyunlar nəzərdə tutulan vaxtda başlayacaq. Ən pis halda hansısa komanda az sayda(ən azı 7 oyunçu) oyunçu ilə (qapıçı xaric) oyuna başlamalıdır. Bu insanların kütlə şəklində uzun müddət birlikdə qalmasının qarşısını alır. Futbolçu formasında yaranmış nasazlığı aradan qaldırdıqdan sonra oyuna qoşula bilər. Komandaların yoxlanılması və meydana daxil olması sırası:
I. meydan sahibi komanda
II. qonaq komanda.
12. Oyunlarda azarkeşlərin iştirakına icazə verilmir. Amma onlara məxsus bannerlər klub nümayəndəsi tərəfindən tribunaya yerləşdirilə bilər. Azarkeşlərin içəri daxil olmasının qarşısını polis və yerli klub almalıdır.
13. Oyunun start fitindən öncə
– heyətlər, eləcə də oyunun gedişində informasiya xarakterli bütün məlumatlar diktor tərəfindən elan edilir;
– salamlaşma ləğv olunur;
– vımpel dəyişmək ləğv olunur;
– kollektiv şəkil çəkdirmək ləğv olunur;
– hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.
14. Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə). Əgər komandalar soyunub-geyinmə otağına gedəcəklərsə, bu növbəli şəkildə və sosial məsafə qorunmaqla edilməlidir. 1-ci meydan sahibi, sonra qonaq komanda stadionu tərk etməlidir.
15. Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.
16. Oyundan sonra sağollaşmalar təmassız edilməlidir.
17. Oyundan sonra soyunub-geyinmə və duş otaqlarında sosial məsafənin qorunması, eləcə də meydan sahibi komandanın oyunçularına klubun bazasındakı otaqlarda duş qəbul etmələri tövsiyə olunur.
18. Komanda üzvlərinin, həmçinin, hakimlərin görüşün başlanmasına 48 saat qalmış PHŞ-da «COVID-19» (PZR) üsulu ilə testlər keçirilməlidir.
Komanda həkimi oyundan 90 dəqiqə əvvəl komanda heyətinin siyahısını oyunun nümayəndəsinə təqdim etməlidir. Məsələ AFFA və PFL tərəfindən nəzarətdə saxlanılacaq.
Texniki zona qaydaları ilə bağlı təlimatlar
1. Texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur
– 7 rəsmi şəxs
– 12 oyunçu
Komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır. Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər, bununla bağlı oturacaqlar üzərində bildirişlər vurulmalıdır. Bu cür oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir. Bundan əlavə əgər tribunalardan meydançaya birbaşa giriş varsa, o zaman oyunçular tribunalardan da istifadə edə bilərlər. Maskadan istifadə və sosial məsafəni qorumaq mütləqdir.
2. Həm texniki zonada, həm də oyunun gedişində hər kəsə ancaq özünə məxsus su qabından istifadə etmələri tövsiyə olunur.
3. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunlarında penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.
4. Əvəzetmələr zamanı dəstək salamlaşmasından çəkinmək lazımdır.
Media
1. Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər.
2. Media mənsublarına PFL tərəfindən verilən vəsiqə mütləq şəkildə şəxsin üzərində görünən səviyyədə asılmalıdır.
3. Oyunun ilkin protokolu yalnız diktor və şərhçiyə veriləcək. Jurnalistlər ilkin protokolu Peşəkar Futbol Liqasının rəsmi saytından və ya “Facebook” səhifəsindən əldə edə bilərlər.
4. Media sektorunda jurnalistlər sosial məsafəni qorumaq prinsipinə əməl etməlidirlər. Stadionun media sektoruna “sosial məsafəni qoru” bildirişləri meydan sahibi komanda tərəfindən vurulmalıdır.
5. Oyun zamanı media otağı bağlı olacaq. Mətbuat nümayəndələri su ilə meydan sahibi komanda tərəfindən media sektorda təmin olunacaq.
6. Fotoqraflar və media zonada oturan şəxslər tibbi maskada olmalıdırlar.
7. Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının yayım hüququna malik “CBC Sport” telekanalından matçlara akkreditasiyadan keçmiş bütün şəxslər deyil, sadəcə oyunun yayımına cavabdeh olan texniki və yaradıcı heyət cəlb oluna bilər. Bununla bağlı telekanal rəhbərliyinə əməkdaşlarla maarifləndirici söhbətlər aparması tövsiyə olunur.
8. Oyundan sonra mix-zonalar təşkil olunmayacaq. Yayımçı telekanal fləş-müsahibələr götürə bilər ki, bunun üçün xüsusi mikrofonlardan istifadə olunmalıdır və şəxslər arasında sosial məsafə qorunmalıdır. Fləş-müsahibələr açıq havada götürülməlidir.
9. Oyundan sonra mətbuat konfransının təşkili qüvvədə qalır və bu zaman iclas otağında oturacaqların sayı azaldılmalı, sosial məsafə qorunmalıdır. Baş məşqçi, mətbuat katibi və ehtiyac yaranacağı halda tərcüməçi arasında sosial məsafə qorunmalıdır. Jurnalistlər sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etməklə konfransa qatıla bilər. Mətbuat konfransının gedişində qeyd olunan məqamlara riayət olunmasına konfransda iştirak edən komandanın mətbuat xidmətinin əməkdaşı nəzarət etməlidir.