- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fevralın 3-də Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar. Allsport.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov dövlətimizin başçısına burada aparılan işlər barədə məlumat verib.
Əvvəllər bu ərazidən neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə olunub. Ötən ilin sentyabrından 16 hektar ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, torpaq qatı təmizlənib. Ərazinin 6 hektarında sürücülər üçün Təlim Mərkəzi yaradılır. Burada praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən yollar salınıb. Bu yollarda xüsusi döngələr və maneələrin yaradılması, müxtəlif yol şəraitini imitasiya edən avadanlığın quraşdırılması nəzərdə tutulur.
Mərkəzdə minik və yük avtomobilləri, iritutumlu avtobuslar və motosiklet sürücüləri üçün peşəkar mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi planlaşdırılır. Yol hərəkəti təhlükəsizliyi üzrə təlim-tədris mərkəzi sürücülər üçün fərdi uyğunlaşdırılmış təlim proqramı təklif edir. Bunun da nəticəsində yolda hərəkət zamanı sürücülərin məsuliyyəti, diqqəti və təcrübələri artır. Bu məqsədlə tədris zamanı 5 təlim modulundan istifadə olunur. Burada 9 hektar ərazidə bir inzibati və dörd xidməti bina inşa edilir. İnzibati binada ümumi idarəetmə, mühasibatlıq, nəqliyyatın idarəetmə mərkəzi, treninq sinifləri, yeməkxana və digər inzibati otaqlar olacaq.
Mərkəzdə, həmçinin sürücülərin tibbi yoxlama otağının, daxili dispetçer xidmətinin, işdən sonra avtobusları qəbuletmə və yoxlama məntəqəsinin yaradılması da nəzərdə tutulur. Layihəyə uyğun olaraq inşa edilən yanacaqdoldurma məntəqəsi, həmçinin təmir və texniki baxış binası da müasir səviyyədə qurulur. Burada bütün növ təmir və texniki baxışın həyata keçirilməsi mümkün olacaq. Binada 12 avtobusa eyni zamanda təmir və xidmət göstəriləcək. Burada işləyəcək ustalara avtobus istehsalçıları tərəfindən xüsusi treninqlər və peşəartırma kursları təşkil ediləcək. Binada növbəli iş rejimində çalışan usta və əməkdaşlar üçün istirahət otaqları da yaradılacaq. Ekoloji məsələlərə xüsusi diqqət yetiriləcək.
Avtoyuma məntəqəsində işlənmiş suyun və ümumilikdə, ərazidə yağış sularının 85 faizi xüsusi qurğuda təmizlənərək təkrar istifadə ediləcək. Layihə fevralın sonunadək yekunlaşdırılacaq. Ümumilikdə, “Bakubus” MMC-də 900-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. İşçilərin 650 nəfərini sürücülər təşkil edəcək. Avtobus parkı fəaliyyətini beynəlxalq təcrübəyə əsasən quracaq. Sürücülərə xüsusi geyim formaları veriləcək, avtobuslar şəhərə çıxmazdan əvvəl texniki baxışdan keçiriləcək.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib. Layihə dövlətimizin başçısının “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilir. Burada işlərin görülməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qısa müddətdə gölün mühafizəsi təmin olunub, buraya məişət tullantılarının atılmasının qarşısı alınıb. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək buraya axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Beləliklə, gölün ərazisi təbii məcrasına uyğunlaşdırılacaq. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür. Gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmənin həyata keçirilməsi ilə əlaqədar təşkilati-təsərrüfat işlərinin görülməsi, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edəcək yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxdılar.
Avtobuslarda sərnişinlərin rahatlığını təmin etmək üçün hərtərəfli şərait var. Prezident İlham Əliyevə “Bakubus” MMC-nin “İVECO” markalı yeni avtobusları barədə də məlumat verildi. İlkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb. Yeni avtobuslarda gediş haqqı kartla ödəniləcək. Bu kartdan həm də metroda istifadə olunacaq. Avtobuslardakı bütün materiallar yanğına, donmaya və buxarlanmaya davamlıdır. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə avtobusların salonlarında kameralar quraşdırılıb, qapılar xüsusi sistemlə təchiz edilib. Bu nəqliyyat vasitələrində uşaq və əlillər üçün xüsusi oturacaqlar qoyulub.
Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı müvafiq tapşırıq və göstərişlərini verib.