“Prezident kuboku”nun qalibi bilindi

Dekabr ayının 24-də Azərbaycan respublikası atçılıq federasiyasının təşkilatçılığı ilə Binə atçılıq mərkəzinin qapalı manejində çövkən oyunu üzrə 11-ci “Prezident kuboku”nun final görüşü və mükafatlandırma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilib, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparıblar. Daha sonra yarımfinalın qalibləri çempionluq uğrunda, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşıb.

Gərgin keçən üçüncülük qarşılaşmasında “Sərhədçi” komandası rəqibi “Zəfər” komandasını 3:0 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanıb. “Prezident kuboku”nun finalında isə “Elit” komandası güclü oyun nümayiş etdirərək “Polad” komandası üzərində 3:1 hesablı üstünlüklə çempion olub. Oyunların yekun nəticəsinə uyğun olaraq finala qədər mübarizə aparan “Polad” komandası turniri ikinci yerdə başa vurub.

Final görüşünün sonunda keçirilmiş mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilmiş, çempion “Elit” komandasına isə “Prezident kuboku” təqdim olunub.

Əlavə olaraq Peşəkar “Çövkən” liqasının qalibi Sərhədçi çövkən komandası ilə “Prezident kuboku”nun qalibi “Elit” çövkən komandası arasında 5 yanvar 2025-ci il tarixində “Super kubok” uğrunda qarşılaşma baş tutacaq. Bu qarşılaşma çövkən həvəskarları üçün ilin ən həyəcanlı oyunlarından biri olacaq.

Bu mötəbər turnir çövkən idmanının inkişafına və ənənələrinin yaşadılmasına töhfə verməyə davam edir.

Həmin kateqoriyadan