- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Birinci Avropa Oyunlarının alovu ötən gün, mayın 15-də coğrafiyası və tarixi, sosial-məişət mühiti bir-birinə ayrılmaz tellərlə bağlı olan daha iki şəhərdə təntənə ilə qarşılandı. Əvvəlcə ecazkar təbiəti ilə könül ovsunlayan Göygöl məşəlçilərini və estafet iştirakçılarını alqışladı, axşam isə qədim Gəncə torpağında məşəl estafeti möhtəşəm Alov Festivalının rəngarəng tamaşası ilə başa çatdı.
Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən, dünyanın ən füsunkar və möcüzəli təbiətə malik gölü ilə eyni adı daşıyan Göygöl ölkəmizin ən səfalı rayonlarındandır. Göygöldə məşəl karvanının ilk dayanacağı Bayraq meydanı oldu. Burada çəkdirilən xatirə şəkilləri tarixin daha bir səhifəsinə çevrildi.
3,32 km-lik məşəl estafetini basketbol üzrə idman ustalığına namizəd Təhminə Əliyeva başladı. Estafet boyunca milli musiqinin sədaları altında rəqs kollektivlərinin, sazəndələr dəstəsinin tamaşaları mərasimə daha da şuxluq gətirirdi. Yürüşdə Zərnurə Orucova, Namiq Məmmədov, Vüqar Rzayev, Raul Abbaszadə, Ruslan Məhərrəmov, Günay Sipxanova, Zamir Hüseynov və Rauf Rəhimov iştirak etdilər. Azay Kazımov və Mirzə Ələkbər Sabir küçələrindən keçən məşəl Heydər Əliyev prospekti ilə yürüşünə davam etdi. Burada alman kilsəsinin qarşısında xatirə şəkilləri çəkdirildi. Estafet Xudu Məmmədov küçəsində tamamlandı. Sonuncu məşəlçi Vüqar İbrahimov Heydər Əliyev parkında quraşdırılmış səhnənin astanasında yerli sakinləri salamladı. Alqış sədaları altında səhnəyə qalxaraq, çırağı alovlandırdı. Sonra Atəşgah məbədində ilk məşəlin alovlandırılması barədə videoçarx göstərildi. Məşəlçilər yerli sakinlərə bir daha təqdim edildi. Yandırılmış çırağı rayon ictimaiyyətinə cüdo üzrə respublika üçüncüsü, 20 yaşlı Novruz Rəhimov təhvil verdi.
Məşəl yürüşü estafetinin Göygöl mərhələsini açan basketbol mütəxəssisi Təhminə Əliyeva təəssüratlarını bölüşdü: “Avropanın birinci Oyunlarının Azərbaycanda keçirilməsindən, bir idmançı kimi, daha çox qürur hissi keçirirəm. Məşəl heyətinin məmləkətimizi qarış-qarış gəzməsi barədə xəbər alanda, sevincimiz lap artdı. Axı, olimpiya estafetləri zamanı belə bir mərasimləri yalnız televiziyada izləyə bilirdik. Həmişə də belə anların ölkəmizdə keçirilməsini xəyal edərdim. Möcüzələr belə gerçəyə çevrilir. Axı, heç ağlıma da gəlməzdi ki, Göygölün 10 alov daşıyıcısından biri məhz mən olacağam”.
Görüş başa çatdıqdan sonra məşəl karvanı qədim mədəniyyətin beşiklərindən olan və Kiçik Qafqazın ətəyində, Kür-Araz ovalığının dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə yol aldı.
Nizami və Cavadxan yurdu Gəncə bugünkü müasir Azərbaycan Respublikasının sələfi sayılan müsəlman dünyasının ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövr ərzində paytaxtı olub. Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşən bu şəhər uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olub. Ərazisi 110 km2, əhalisinin sayı 325 min nəfər olan Gəncə 2 rayon və 6 qəsəbədən ibarətdir.
Məşəl karvanının ilk dayanacağı ulu Nizami məqbərəsi oldu, şairin məzarı ziyarət edildi, məqbərəsi önündə xatirə şəkilləri çəkdirildi. Sonra karvan, ərazisi 7 hektar olan, ağac və gül cinslərinin növ zənginliyinə görə, nəbatat bağı da sayıla biləcək Xan bağına üz tutdu. Alov səyahəti komandası 350 yerlik yaşıl teatrı, Venesiya guşəsi olan bu zəngin tarixə malik bağla tanış oldular, məşəl estafetinin iştirakçısı ilə xatirə şəkilləri çəkdirildi.
Zəngin tarixi, idman, mədəniyyət ənənələri, böyük irsi olan bir şəhərdə məşəl etsafetini gəncəlilər layiqincə qarşıladılar. Şəhərin küçələri məşəl estafetinə bir neçə saat qalmış artıq qələbəlik idi, alov yürüşü və festivalın ab-havasına bürünmüşdü.
Bu tamaşaya toplaşmış izdihamlı kütlənin gurultulu alqışları, milli musiqinin müşayiəti ilə Nizami küçəsi boyunca davam edən 3,7 km-lik məşəl estafeti, olimpiya çempionu yetişdirmiş məşqçi Elçin Zeynalovun başladı. Bu mərasimdə Səbinə İbrahimova, Mətanət Lətifova, Hafiz Verdiyev, İlham İrani, Amil Qasımov, Azər Aslanov ilə yanaşı, olimpiya medalçısı Mövlud Mirəliyev, həmçinin gənclər arasında pauerliftinq üzrə dünya rekordçusu, paralimpiyaçı Əli Babacanov, eləcə də Bakı 2015-in idman elçisi Amil Həmzəyev və Avropa Oyunlarının rəsmi tərəfdaşı SOCAR-ın təmsilçisi Sabir Məmmədov da yer aldı. Heydər Əliyev parkına gətirilən məşəlin son estafetçisi sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov oldu. O, digər məşəlçilərin müşayiəti ilə təntənəli mərasim üçün qurulmuş səhnəyə yaxınlaşdı.
Təntənəli mərasim üçün xüsusi hazırlanmış meydanda sonuncu estafet iştirakçısı səhnəyə dəvət olundu və Avropa Oyunlarının çırağı yandırıldı. Daha sonra Atəşgahda Alovun alınması prosesini əks etdirən görüntülərdən nümayiş etdirildi. Aparıcının dəvəti ilə məşəlçilər səhnədə alqışlandılar. Yandırılmış çırağı rayon ictimaiyyətinə ictimai fəal gənc Fərid Dünyamalıyev təhvil verdi.
Festival Heydər Əliyev parkında yerləşən Gəncə amfiteatrında keçirildi. Məşəlçilər gələnədək bura toplaşmış tamaşaçılar qarşısında Gəncə Dövlət Filarmoniyasının kollektivi və yerli incəsənət ustaları çıxış etdilər. Məşəl çırağı təqdim edildikdən sonra, havaya göyərçinlər və şarlar, ardınca alovlu balonlar buraxıldı. Bakının Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx nümayiş etdirildi. Ardınca, “Natiq” ritm qrupu ilə Nailə Məmmədzadənin “Azərbaycan mirvarisi” rəqs qrupunun çıxışı gurultulu alqışlarla qarşılandı. Tədbiri ənənəvi, möhtəşəm alov rəqsi tamamladı. Tamaşaçıların hərarətli alqışları və atəşfəşanlıqla başa çatdı. Bu zaman əlində Azərbaycan bayraqları olan gənclərdən ibarət bir dəstə amfiteatr meydanına daxil olaraq, dövrə yaratdılar və maraqlı şou göstərdilər.
Olimpiya çempionu Toğrul Əsgərov doğma şəhərindəki məşəl estafeti və festival barədə təssüratlarını bölüşdü: “Bu gün Gəncədə böyük bayramdır: Bakı 2015-in Alovu bizim doğma şəhərimizə də gəldi. Yarışların möhtəşəm keçəcəyinə inanıram. Özümə gəlincə, böyük ehtimalla Avropa Oyunlarında iştirak edəcəym. Arzum budur ki, xalqımızı qələbə ilə sevindirim”.
Məşəl estafetinin ilk iştirakçısı, məşqçi-mütəxəssis Elçin Zeynalov da Avropa Oyunları ilə bağlı öz fikirlərini bildirdi: “Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə çox sevinirəm. Bakı 2015-in məşəl estafetinin Gəncədə təşkil olunmasını gözləyirdim. Axı, Gəncə qədim tarixi və zəngin idman ənənələri olan bir şəhərdir. Gələcəkdə, nə bu Oyunların keçirilməsi üçün məhz doğma Gəncəmizin də namizədliyinin irəli sürüləcəyinə inanıram. Ölkəmizin sürətli inkişaf templəri buna inanmağa hər bir əsas verir. Fərəhlənirəm ki, tələbələrim – sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov və sambo üzrə dünya çempionu və dünya kubokunun sahibi Amil Qasımov bu mötəbər yarışda iştirak edəcəklər. Əminəm ki, Oyunlar idmançılarımızın qələbələri ilə yadda qalacaq».
Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Məşəl estafeti mayın 16-da əvvəlcə Daşkəsən, sonra isə Samux rayonlarında davam etdiriləcək.