Qara Qarayev: “Barselona” və “Real”ın futbolçularından geriyə az ötürmə edirəm

“Qarabağ”ın futbolçusu Qara Qarayev klubun “facebook” səhifəsində azarkeşlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi canlı yayımda bir sıra maraqlı məqamlara toxunub:

– Mən də “evdə qal” çağırışlarına qoşulmuşam. Evdəyəm, məşq edirəm. Siz də evdə qalın, sağlam olun. Evdə qalmaqla tək özünüzü deyil, cəmiyyətdəki digər şəxsləri də qoruyursunuz. Çox istəyirəm ki, evdə qalaq. Hamı karantin qaydalarına əməl etsə, ümid edirəm ki, COVID-19-la mübarizədən qalib ayrılacağıq. Səbirli olun, evdəkiləri qoruyun. “Facebook”da 5 sual seçilib, mənə ünvanlanıb. Bunları cavablandırmağa çalışacağam.

– Futbola neçə yaşdan başlamaq lazımdır?
– İlk növbədə düşünürəm ki, insanda istedad vacib amildir. Həm də yaş da əhəmiyyət daşıyır. Mən 14 yaşında futbol başlamışm. Bu, mənim üçün çox gecdir. Fikrimcə, uşaqlar 8-10 yaşdan futbola başalaya bilər. Məncə, ən uyğun yaşdır. Buna qədər gimnastika və üzgüçülüklə məşğul olması nəinki futbol, digər idman növlərində uğur qazanmaq üçün açar ola bilər.

– “Qarabağ” yeni mövsüm Avropa və ya çempionlar liqalarında qrupa düşə biləcək?
– Komandalar fasilədədir. Klublar sabah nə olacağını bilmir. Avropa kubokları barədə danışmaq hələ tezdir. İnanırıq ki, indiki durum tezliklə düzələr, məşqlərə başlayarıq. Daha sonra dəqiq məlumat verə bilərik.

– Komandaya yeni hücumçu lazımdır?
– Əlbəttə. Biz daim titular qazanmağa, Avropada uğurlar əldə etməyə çalışmışıq. Nəinki hücuma, hər mövqeyə oyunçu lazımdır. Düşünürəm ki, klubda bu işlə məşğul olan heyət daim axtarışdadır.

– Oyun qurmaq keyfiyyətləriniz yaxşıdır. Filip Ozobiçə etdiyiniz qol ötürməsi hər futbolçunun beyin məhsulu ola bilməz. Uzun ötürmələriniz də əla alınır. Amma daha çox geriyə ötürmələrlə yadda qalırsınız. Top itirməmək üçün verilmiş tapşırıqdır?
– 4 müdafiəçinin önündə oynayıram. Ən çox təzyiq burada olur. Çünki rəqibin mənim mövqeyimdə topu ələ keçirməsi qapımız qarşısında real təhlükədir. Bütün oyunlardan sonra statistik göstəricilərə baxıram. “Barselona” və “Real” kimi komandaların oyunçuları geriyə ötürmələrlə bağlı müqayisə aparıram. Mənim geriyə ötürmələrim daha azdır. Bilmirəm, bunu demək bəlkə də insanların beyninə həkk olub. Çünki geriyə top ötürmək çəkinmək və qorxaqlıq əlaməti deyil. Topun bizdə çox qalmağı, daha yaxşı oynamağımıza şərait yaradır. Geriyə çox ötürmə etdiyimi düşünmürəm. Bu, insanların dilinə düşüb. Hətta millinin oyunlarında da məni tənqid etdilər. Bəzi jurnalistlər söyləyirdi ki, geriyə ötürmə edirsən. Oyundan sonra statistik göstəricləri onlara göstərdim. Sübut etdim ki, matçda geriyə ən az ötürmə edən mənəm. Həmin jurnalistlərdən tələb etdim ki, öz yazılarında bunu dəyişsinlər. Ancaq yazılarında dəyişiklik etmədilər, öz fikirlərində qaldılar.

– Azərbaycanlı futbolçularda ölkə xaricində uğulu karyera qurmaq niyə alınmır?
– Bunu bir məsələni qabartmaqla həll etmək olmaz. Bir çox amillər var. Ölkə çempionatının səviyyəsindən tutmuş futbolçulara qədər. Daha çox işlər görmək lazımdır. Bu elə bir arenadır ki, biz “Qarabağ” klubu olaraq çmpionlar liqasının qrupunda mübarizə apardıq. Ölkə xaricində olan dostlarım deyirdilər ki, “Qarabağ” orda oynadıqdan sonra dünyada haqqınızda məlumatlar çox idi. Belə uğurlar ölkəmiz adına daha faydalı ola bilər. Futbolda qazandığımız uğurlar bizi beynəlxalq arenda daha çox tanıtdırır. Dəstək olmalıyıq. İnfrastruktur yenidən qurulmalı, futbolçular yetişdirməlidir. Azərbaycanda yeni futbolçuların yetişməsində bir az qıtlıq var. Bu problemləri həll etmək lazımdır. Futbolçuların ölkə kənarında yaxşı karyera qurmamaqlarında fərdi problemlər də ola bilər. Ola bilər ki, özlərini doğrultmasınlar. Məncə, belə deyil. Biz belə atmosferə uyğunlaşmamışıq.

– “Linfild”lə oyunda Abdullah Zubirə ötürməniz yaxşı alınmışdı, yoxsa “Neftçi” ilə qarşılaşmda Dani Kintanaya etdiyiniz assist?
– “Linfild”lə oyundakı ötürməm futbolumuz adına daha çox iş gördü, nəticə qazandırdı. Həmin qol qrupa düşməyimizi təmin etdi. “Neftçi” prinsipial rəqibimizdir. Verdiyim pasın dəyəri mənim üçün yüksəkdir. Amma Zubirə verdiyim ötürmə daha vacib idi.

– “Qarabağ”a gəlmiş ən yaxşı futbolçu kimdir?
– Bizim komandamıza hər il daha yaxşı oyunçular gəlir. Həm tərbiyə, həm də digər keyfiyyətlərə baxıb, baş məşqçimiz onları seçir. Ən bəyəndiyim oyunçulardan biri Çumbinyo idi. Onun davranışı, ötürmələri, peşəkarlığı, stadionu görməsi xoşuma gəlirdi. Çumbinyo “Qarabağ”a gəlmiş ən yaxşılardan biridir.

– “Qarabağ” Avropa Liqası və ya Çempionlar Liqasında qrupdan çıxmaq gücünə sahibdir?
– İndidən danışmaq hələ tezdir. Beynəlxalq təcrübəmiz var. İstənilən komandanı yenə bilərik. İndi bu barədə danışmaq istəmirəm. Çempionata 8 tur qalıb. Çempionat bərpa olsun, qazandığımız nəticəyə görə fikirləşərik. İndi danışmaq tezdir.

– Niyə 2 nömrəli futbolkanı geynirsiniz?
– Bunun xüsusi anlamı yoxdur. “Qarabağ”da yeni oynadığım dönəmlərdə 2 nömrəli futbolkada Elnur Allahverdiyev mübarizə aparırdı. Ondan xahiş etmişdim ki, bu nömrəni mənə versin. O razılaşmadı: “Yox, özüm geyinirəm”. Bundan sonra prinsipiallıq yaranmışdı. Öz-özümə dedim ki, 2 nömrəni ələ keçirəcəm. Bu nömrəyə xüsusi simpatiyam var. Həyatımda xüsusi anlamı yoxdur.

– Andrea Pirlo, yoxsa Xavi Ernandes?
– İtaliya yığması ilə matçda Pirloya qarşı oynamışam. Hansı səviyyədə oynadığı göz qabağında idi. Bunu hiss etmək çətin deyil. “Barselona” azarkeşi kimi Xaviyə daha çox rəğbətim var. “Barselona”dakı işlərini ön plana çıxarmaq istəyirəm. Mənim seçimim daha çox Xavidir.

– Ən çox sevdiyiniz yemək hansıdır?
– Ölkə xaricinə çıxanda anlayıram ki, bizim və Avropa mətbəxi arasında çox fərq var. Öz yeməklərimiz daha mükəmməldir. Bakıda ən çox “Qarabağ” plovunu xoşlayıram.

– Ən çox məyus olduğunuz oyun hansıdır?
– Avropa Liqasıda “İnter”lə Bakıdakı oyunda çox məyus olmuşdum. Matçdan sonra 1 həftə şokda idim. Tarixi uğura nail olacaqdıq. Amma hakimin yanlış qərarı bizi tarixi nailiyyətdən etdi. Ən çox üzüldüyüm matç budur.

– Oyun stiliniz Marko Verrattiyə bənzəyir. Sizin kumiriniz kimdir və oyun tərzinizi hansı futbolçuya bənzədirsiniz?
–  Verrattiyə qarşı İtaliya ilə matçda oynamışam. Necə futbolçu olduğu barədə danışmağa ehtiyac yoxdur. Fiziki göstəricilərimiz oxşadığı üçün azarkeşlər məni onunla müqayisə edir. Mən oyun stilimin Serxio Busketsə bənzəməsini istəyirəm. Busketsin oyunlarına baxıram, etdiklərini yadda saxlamağa çalışıram. Kumirim olduğunu isə deməzdim.

– “Qarabağ”ın baş məşqçisi olsanız, 11 mterlik cərimə zərbələrini kimə həvalə edərdiniz?
– Baş məşqçi olduğum dönəmdə gərək, heyətə baxım. İndiki heyətdən həmin vaxta kimi Mahir Əmrəlinin qalmaq ehtimalı var. Ona görə də ağ nöqtəyə yaxınlaşmağı Mahirə həvalə edərdim.

Həmin kateqoriyadan