“Qarabağ”ı Avroliqada da güclü rəqiblər gözləyir

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasını tərk etsə də, avrokuboklardakı mübarizəsini Avropa Liqasında davam etdirəcək. Allsport.az xəbər verir ki, Ağdam klubu Avroliqanın pley-off mərhələsində rəqibini gözləyir.

Qeyd edək ki, Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsindəki 22 potensial rəqibindən 9-u artıq bəllidir. Həmin komandalar “Qarabağ” kimi Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran klublardır. Püşk zamanı “Qarabağ” səpələnməmişlər səbətində yer alacaq ki, bu da komandamızı nisbətən güclü rəqiblə üz-üzə qoyacaq.

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bunlardır: “Ayaks” (Hollandiya), “Zalsburq” (Avstriya), “Viktoriya” (Çexiya), “Styaua” (Rumıniya), “Yanq Boyz” (İsveçrə), “Sparta” (Çexiya), “Fənərbaxça” (Türkiyə), “Panatinaikos” (Yunanıstan), “Lex” (Poznan).

Avropa Liqasının pley-off mərhələsində 44 komanda iştirak edəcək ki, bunlardan 29-u üçüncü təsnifat mərhələsinin qalibləri olacaq. Digər 15 klub isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıran klublardır.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü sabah atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan