Qriqorçuk: “Azarkeşlərə sevinc bəxş etdiyimiz üçün şadıq”

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Apollon” (Kipr) oyunundan (1:0, ilk oyun 1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Qalib gəlib, pley-offa yüksəldiyimiz üçün çox xoşbəxtik. Azarkeşlərə qələbə sevinci bəxş etdiyimiz üçün çox şadıq. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu oyunda azarkeş dəstəyi çox əla idi. “Apollon”la oynamaq heç də asan olmadı. Rəqib sürətli komanda idi. Bizim komanda ideal olmasa da, pis çıxış etmədi. Lazım olan nəticəni əldə etdik. Lakin oyun planında texniki xətalara yol verdik. Futbolçular bəzən emosiyalara qapılırdı.

Pley-offda da çox çətin olacaq. Bu mərhələdə asan qarşılaşma olmur. Əlbəttə ki, əsas heyət oyunçuları Cavid Hüseynov və Ürfan Abbasovun cəzalı duruma düşməsi də bu çətinliyi artırır. Lakin ehtiyatda olanlar da yaxşı futbolçulardır. Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki burada yalnız yoldaşlıq, dostluq, mehribanlıq görürəm”.

Sonda onu da qeyd edək ki, Qriqorçuk daha öncə “Apollon”u keçəcəkləri halda, mətbuat konfransına “aerodrom” papaqla gələcəyinə söz vermişdi. Ukraynalı mütəxəssis bu sözünə əməl edib.

Həmin kateqoriyadan