Ramin Musayev: İcazə verilsə, kubokun finalını Qarabağda keçirərik

Azərbaycan kubokunda yeni mövsümün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə PFL-in prezidenti Ramin Musayev fikrini bildirib:

“Hər kəsi salmalayıram. Fürsətdən istifadə edib, ali baş komandanımıza, ordumuza, əsgərlərimizə bizə, bütün türk dünyasına verdikləri sevvincə görə təşəkkürümüzü bildiririk. Onlara Allahdan can sağlığı arzulayırıq. Şəhidlərimizin yeri cənnətdi. Qazilərimizə can sağlığı, uzun ömür arzulayırıq. Allah şəhidlərimizin yaxınlarına, ümumən hər birimizə səbr versin. Onlar hər birimizin yaxınıdı.

Bilirsiz ki, keçən il pandemiyaya görə kubok yekunlaşmadı. Bu, bizdən asılı olmayan məsələ idi. Arzu edək ki, bu il kubokun finalını keçirə bilək. Bu yaxınlarda demişdim ki, əgər icazə verilsə, kubokun finalını Qarabağda keçirərik. 2008-ci ildə Quzanlıda ilk dəfə oyun keçirmişdik. Həmin zaman azarkeşləri apardığımız avtobuslarda belə bir şüar var idi: “Bu gün Quzanlıya, sabah “İmarət”ə”.

Şükürlər olsun, Allah bunu bizə nəsib etdi. Ola bilər ki, bu mövsüm çatdırmayaq. Çünki orda hazırlıq olmalı, stadion tikilməlidi, vaxt lazımdı. Sabah azarkeşlər deməsin ki, Ramin Musayev dedi, amma eləmədi. Stadion hazır olarsa, böyük sevinclə orda kubokun finalını keçirərik. Hazır olmazsa, azarkeşlərin istəyinə uyğun yer seçmək borcumuzdur.

Keçən dəfə belə qərara gəldik ki, final qarşılaşması “Sabah” klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir. Həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindəyik. Orada alınmasa, kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir. Final matçında çoxlu sürprizlərimiz olacaq və bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq.

Bu il reqlamentdə dəyişiklik yoxdur. 1/8 final bir oyundan ibarətdi, 1/4 finaldan isə 2 matç keçiriləcək. Əvəzetmələr yenə 4 olacaq. Komandaların sayı bu günə görə az deyil. Təki kubok sona qədər keçirilsin. Baxmayaraq ki, keçən il kubok sahibini tapmadı, bu il ümid edirik ki, yekunlaşdıracağıq”.

Həmin kateqoriyadan