- Baxış sayı: 42
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Ötən bazar Bakıda ilk dəfə idman avtomobilində sürüşmək üzrə çempionat keçirilib. Dənizkənarı milli parkda – “Büllur” sarayın dayanacaq ərazisində baş tutan ötüşmədə Azərbaycanın ən güclü drifterləri bir araya gəlib. Dünyanın ən həyəcanverici yarışına maraq böyük olub. Buna səbəb, son illər paytaxtda davamlı düzənlənən Formula-1 qran prisidir. Tədbirdən öncə dünyanın tanınmış drift ustalarından biri, adını Ginnesin “Rekordlar kitabı”na yazdıran livanlı Abdo Feqali “Red Bull Car Park Drift” yarışının iştirakçılarına ustad dərsi keçib.
Azərbaycan avtomobil federasiyası və Bakı şəhər halqası əməliyyat şirkəti istənilən tədbiri yüksək səviyyədə təqdim edir. KİV də buna geniş yer verir. Çünki həmin birliklər mediaya daim dəyər verir. Lakin bunu “Red Bull Azərbaycan” barədə tam demək olmaz. Qurumun media bölməsi əvvəllər yaxşı fəaliyyət göstərirdi. Amma son illər orada baş verən dəyişikliklər nöqsanlara yol açıb. Şirkətin səriştəsiz media əməkdaşları ayrı-seçkiliklə məşğuldur. Kütləvi tədbirlər gələndə, yardım üçün KİV-ə müraciət edirlər. İşləri düşmədi, heç kimi yada salmırlar. Ancaq öz çevrəsində olan jurnalistlər…
Çox bərbad fəaliyyət göstərən “Red Bull media”, sözü gedən tədbir öncəsi yaxınlarına özəl dəvətnamə və bağlama göndəriblər. Məlum olanda ki, hamı “Red Bull Car Park Drift” yarışına dəvəti soruşur, buna ehtiyac olmadığını elan etdilər. Ayrı-seçkiliklə bağlı qrupda iradımızı bildirəndə isə, dəvətnamənin rəmzi olduğunu və fiziki baxımından hər kəsə çatdırılmasının mümkünsüzlüyünü bəhanə gətirdilər. Yeni komandanın xeyli müddət çalışmasına rəğmən, zamanında günlərini boşa verməsi və geniş auditoriya ilə əlaqə qurmaması bu tədbirdə də özünü büruzə verdi. Əvvəlki heyətdən qalma media mənsublarının yardımı ilə tələm-tələsik digər jurnalistlərin mobil nömrələrini topladılar. Üstəlik, özlərinə zəhmət verməyib, çempionatla bağlı xəbərləri bir-bir saytlardan götürməyərək, hazır linklərin qrupa göndərilməsini xahiş etdilər.
Onların naşı fəaliyyəti bununla bitmir. Ötən ilin dekabrında ən böyük PS-4 turniri çərçivəsində “FİFA-22” yarışı təşkil etdilər. “Alov qüllələri”nin ev sahibliyi etdiyi tədbirə 30-dan çox media üzvü və bloqçu qatıldı. “Park sinema” kinoteatrlarının nəhəng ekranlarında keçirilən və 6 saat davam edən yarışlar, hər kəsə rəmzi stadionda futbolu izləmək həyacanını yaşatdı. Amma final mərhələsi başlayana qədər, hamımız orada 1-2 saat artıq gözləməli olduq. Çünki quraşdırılan kabellərdə və ötürücülərdə texniki problemlər yaranmışdı. Onu bir gün öncədən yoxlamaq əvəzinə, tədbir günü kiminsə ümidinə buraxmışdılar.
Ən dəhşətli rəzalət bu ilin fevralında baş verdi. “Red Bull” şirkəti 4-illik fasilədən sonra, idmansevərləri yenidən Şahdağ turizm mərkəzinin qarlı dağlarına topladı. Bu dəfə “Red Bull qaçaqaç” adlanan yarışda, snoubord və xizəklə həm peşəkarlar, həm də həvəskarlar iştirak etdilər. Tədbiri işıqlandırmaq üçün Qusar rayonuna bir qrup KİV cəlb olundu. Rəsmi dəvətlilər sırasında allsport.az saytı da vardı. Öncələr tədbirlər yüksək səviyyədə və maraqlı keçdiyindən, bu dəfə də dəvəti həvəslə qəbul etdik. Fikirləşdik ki, media üzrə mütəxəssis Nizami Cəlilinin dönəmində olduğu kimi, səfərdən məmnun qalacağıq. Amma Dədə Qorqudun dili ilə desək, nə biləydik ki, müsibətli günlərimiz qabaqdaymış…
Tədbir elə adından göründüyü kimi qaçaqaçla başladı, qaçaqaçla da bitdi. Paytaxtdan səhər saat 9:00-da iri tutumlu avtobusla yola çıxdıq. Tələsik olduğundan, təşkilatçılar “Mersedes”in ön şüşəsinə yarışın reklamını vurmağı unutmuşdular. Kənardan elə zənn edilirdi ki, hansısa ingilis şirkəti içəridəkiləri mədənə işləməyə aparır.
Sürücü adəti üzrə avtobusu Dəvəçidə, “Beşbarmaq”da saxladı. Yolda başımızı yalnız 1 “Red Bull” içkisi ilə aldatdıqlarından, ayaqüstü nəsə yemək qərarına gəldik. Köməyimizə lavaşarası çatdı. Qısa fasilədən sonra istiqamət üzrə davam etdik. Günorta artıq mənzil başındaydıq. Təzəcə çatmışdıq ki, dedilər vaxtımız azdır, finiş xətdində olmalıyıq. Heç bilmədik hotdoqu necə yedik. Tələsik avtobusa minib Şahdağ turizm mərkəzinin başlanğıc hissəsinə səmt aldıq.
“Red Bul”un diceyi öz ampulasındaydı: gələn qonaqları ritmik musuqilərlə əyləndirirdi. Qar da öz işində, dayanmadan yağırdı. Bir az dikdə “Qırmızı öküzlər”in göy çadrı qurulmuşdu. Finiş xətdi də ordaydı. İştirakçıları qarşılamaq üçün xeyli gözləməli olduq. “004” nömrəli idmançı hamıdan 1-ci çatdı. O, xizək sürürdü. Snoubordla ilk gələn əcnəbiyə oxşayırdı, ingiliscə danışırdı. Qadınlar zəif çıxış etdiklərindən, onları da bir qədər gözləməli olduq. Şaxta isə artıq ayaq və baş barmaqlarımı keyitmişdi. Baxmayaraq ki, yun əlcəkdə, qalın corab və uzunboğaz çəkmədə idim. O anda yadıma məktəbdə çoğrafiyadan oxuduğum Cənub qütbünün kəşfi səhnəsi düşdü. Norveçli Raul Amudsen xizəkləri itlərə qoşduğundan, qarşıya qoyulan məqsədə itkisiz və vaxtında çatmışdı. Atlara bağlanmış motorlu xizəklər isə, ingilis Ceymc Kukun işinə yarımamışdı və nəticədə soyuqdan donub ölmüşdü…
Tədbir bitəndə, “Red Bul”un media heyəti dərhal bizdən qurtulmaq üçün hərəkətə keçdi. Əllərində topa qida talonlarını özlərinə, 2-3 gün onlarla birgə oteldə qalacaq bloqçulara və dost-aşnalarına saxladılar. Bu azmış kimi, həmkarlarımı öz hesablarına belə, nəsə almalarına imkan vermədilər ki, gecəyə düşərik, avtobuslara yaxınlaşaq. Komandamızın ən stajlı jurnalisti, o zaman report.az-ın idman şöbəsinin müdürü olan Elşən Məmmədov önə keçib duruma aydınlıq gətirilməsini istədi. İdman və tədbirlər mütəxəssisi Fəridə Məcidova ona bildirdi ki, avtobusda nələrsə təşkil edəcəklər. Əslindəsə, o, balaca boyu ilə tək onu yox, hamını aldadırdı. Yolda özümüz bir yerdə əyləşib qidalanmaq istəsək də, sürücüyə saxlamağa icazə vermədi. Nə vecinə, Şahdağda oteldə isti yerdə əyləşmişdi, jurnalistlərin vəziyyəti onu maraqlandırmırdı. Hamı narazı idi. Adını çəkdiyim həmkarım o zaman üzünü ətrafa tutub gileyləndi ki, bur jurnalistimiz var, Rəşad Qasımov (“Futbol+” qəzetinin əməkdaşını nəzərdə tutur). O burada olsaydı, necə haqqı necə tələb edirlər, göstərərdi. Bilərdi bunlarla necə danışmaq lazımdır. Taleyin başqa bir lətifəsinə baxın: dünən Elşən Məmmədovun Qusar olimpiya idman kompleksinə direktor təyin oluduğu xəbəri yayıldı. Kim bilir, bəlkə sabah “Red Bul media” ona minnətçi düşəcək…
Yolda, dağ keçidlərinin birində, avtobus dikə çıxa bilmədi. Deyə bilmərəm, sürücü naşı idi, yoxsa təkərlər sözə baxmadı. Nə qədər cəhd olsa da, alınmadı. Belədə, şofer avtobusu arxaya sürməyə başladı. Xeyli qət etdik. Yolun bir tərəfi dərə, digəri təpə. Şər də qarışmışdı. Yuxarıda ağacların aralarında ara-sıra ac canavarların parıltılı gözlərini sezmək olurdu. Sürücü bu minvalla 2 dəfə qayıdıb sürət götürsə də, yenə diki aşa bilmədi. Həyatımda ilk dəfə idi minikdə belə təhlükəli hadisəni yaşayırdım. Yəqin ki, elə digərləri də. Avtobus hər an dağ keçidlərdən dərəyə aşa bilərdi. Allaha çoxlu dualar etməyə, Ondan kömək diləməyə başladım. Zatən başqa kim kömək edəcəkdi ki?! Çölün düzündə başlı-başına qalmışdıq. İTV-dən gənc həmkarım Fəridə Abdulla bu məşəqqətli görmədi, çünki yatmışdı. Ayılanda, məsələdən hali oldu. Bu zaman anası zəng vurdu, narahat idi. Ona yalan söyləmək məcburiyyətində qaldı. Axşam vaxtı valideynlərini stresə salası deyildi ki. Mənə də evdən zəng gəldi. Onda məsələ çözülmüşdü. Alınmasaydı, mən də hər şeyin “qaydasında” olduğunu və geri döndüyümüzü söyləyəcəkdim.
Axırı necə oldu? Sürücü yoldaşı ilə təpədən qum gətirib yola səpdi, avtobusun təkərlərinə də zəncir keçirdi. Bu zaman binəva əlini də kəsdi. Çətinliyə rəğmən, 3-cü təkanda avtobus yoxuşu dəf edə bildi. Hamımız sevincliydik, şükür edirdik. Ən acınacaqlısı, bircə dəfə də “Red Bul media”dan bizi telefonla aramadılar. Yalandan da olsa, özlərini narahat göstəmədilər. Bu barədə yolboyu dəfələrlə tədbirin aparıcısı Sənan Şəfizadədən də maraqlandım.
10-12 iyunda Formula-1 üzrə Azərbaycan qran prisində öz iradımı Fəridə Məcidovaya bildirdim. “Sehirli xalat”da xanın pioner Rəşidə, “Sarayımda gopçular arasında yarış keçirilsəydi, sən mütləq birinci yeri tutardın” söylədiyi kimi, o, üzrxahlıq əvəzinə, elə hey yalan uydurdu. Dedikcə, mən də hamısını bir-bir ifşa etdim. Bilmirdi ki, qarşısında onun yaşı qədər stajı olan jurnalist dayanıb. Bu söhbətə hadisəni öz gözləri ilə görən, onu yaşayan f-1.az saytının əməkdaşı Rauf Hacıyev də şahid idi. Yəqin ki, Medianın inkişafı agentliyi, Azərbaycan idman jurnalistləri assosiasiyası, Azərbaycan idman jurnalistləri ictimai birliyi onları nəzarətə götürəcək. Yoxsa, onlar yenə mütləq hansısa fəlakətə səbəb olacaqlar. Bu dəfə isə, iş işdən keçə bilər….