Rio-2016-ya vəsiqə qazanan “klassik” və qadın güləşçilərimiz sınaq yarışlarında

18-19 iyunda Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü iştirak edəcək.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi ilə Karpatlara Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) yollanıblar. Turnirin proqramına əsasən, hər üç güləşçimiz iyunun 18-də xalça üzərinə çıxacaq.

Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlığı başa vuran qadın güləşçilərimiz isə Polşanın Spala şəhərinə yola düşüb. Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı – 58 kq) “Poland Open”də qüvvələrini sınayacaqlar.

İyunun 18-də 48, 55, 60, 69 kq, 19-da isə 53, 58, 63, 75 kq güləşçilər mübarizə aparacaqlar.

Həmin kateqoriyadan