Robert Prosineçki: DÇ-2018-in seçmə mərhələsində rəqiblərimiz üçün asan yem olmayacağıq

Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə o, Avropa çempionatından danışıb, “ay-ulduzlular”ımızın imkanlarını dəyərləndirib.

– Xorvatiya seçməsinin AÇ-2016-dakı çıxışını necə qiymətləndirərdiniz?
– Xorvatiya bu turnirdə çox yaxşı oynadı. Portuqaliyaya da qarşı yaxşı oynadıq. Əlbəttə, nəticə xeyrimizə olmadı. Amma bu rəqibə də qalib gəlmək şansımız var idi. Lakin razıyam ki, hazırda hər kəs yaxşı oyundan daha çox nəticəyə baxır.

– Sizcə, müdafiə xəttimiz yenə də ən zəif yerimiz idi?
– Bununla razı deyiləm. Bəli, qol buraxdıq, amma 117-ci dəqiqədə. Fikrimcə, Srna ən yaxşı oyununu sərgilədi. Çorluka tam gücünü qoydu. Vida Çex Respublikası ilə oyunda bizə penalti qazandırdı. Yaxşı futbolçularımız var. Xorvatiya hətta Portuqaliyadan da yaxşı oynadı. Bu komandaya qalib gəlsəydik, heç bir şəxs yığmamızın və ya müdafiə xəttimizin zəif çıxışından danışmazdı.

– “Real” və “Barselona”nın futbolçuları – Modriçlə Rakitiçin AÇ-də yorğun olduğunu demək olar?
– Belə deməzdim Əlbəttə, uzun mövsümdən sonra hər bir futbolçuda yorğunluq, müəyyən zədə ola bilər. Bu da normal haldır. Amma Luka əvvəllər sərgiləmədiyi oyunu göstərdi. Onun bu qədər istəklə oynadığını görməmişdim. Meydanın hər yerində görmək olurdu. Ona görə də yorğunluqdan danışmaq istəməzdim.

– Artıq AÇ-də səkkiz komanda qalıb. Favoritiniz?
– İslandiya İngiltərəyə qalib gəldi. İtaliya Kontenin rəhbərliyi ilə çox yaxşı futbol göstərir. Amma onlar da almanlarla üz-üzə gələcəklər. Fransızlar meydan sahibi kimi doğma tribuna önündə istədikləri nəticələri qazana bilirlər. Almanlara gəlincə, onlar pis və ya yaxşı oynamalarından asılı olmayaraq, həmişə sonadək mübarizə aparırlar.

– Azərbaycan yığmasını da yaxın gələcəkdə İslandiya kimi belə böyük turnirlərdə görə bilərik?
– Azərbaycan inkişaf edir. Bunu göstərdiyimiz bir neçə yaxşı oyun da təsdiqləyib. Ümid edirəm ki, DÇ-2018-in seçmə mərhələsində rəqiblərimiz üçün asan yem olmayacağıq. Bu, bizim hədəfimizdir. Əlbəttə, Rusiyadakı mundiala yollanmağımız çətin məsələdir. Amma işlərimiz o dərəcədə pis də deyil.

Həmin kateqoriyadan