- Baxış sayı: 35
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 130
- Yanvar 19, 2025
- 0
Zayzenbaxer qayıtdı, cüdoçularımıza yenə «pampers geyindirməyə»
Qərbi Roma imperiyası bizim eranın II-III əsrində zəifləməyə başlamışdı. Buna səbəb, tez-tez saray daxilində baş verən qiyamlar idi. Legionçular istədiklərini taxta gətirir, istəmədiklərini taxtdan salırdılar. Bəzən elə olurdu ki, imperatorun hakimiyyəti cəmi 6 ay çəkirdi. Buna görə də, o dövrdə ölkə başçılarını «əsgər imperatorlar»ı adlandırırdılar.
İndi belə vəziyyət Azərbaycan cüdosunda yaranıb. Kişi komandasının üzvləri xoşlarına gəlmədikləri, sərf etmədikləri məşqçiyə qarşı çıxır, onun komandadan ayrılması üçün müxtəlif planlar qururlar. Çox zaman bu taktika etimadsızlıq olur. Bu az imiş kimi, federasiyada maliyyə problemi olan kimi, cüdoçular rəhbərliyə qarşı da qalxdılar. Öncə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin rəhbərliklərinə gileyləndilər. Həmin elektron məktublardan biri əlimə keçmişdi. Dərdləri bəlli idi: Peter Zayzenbaxerin dövründə olan xoş güzaran – aybaay vaxtında maaş və hər uğurlu yarışdan sonra mükafatların verilməsi dönəmi geri qayıtsın.
Haqlı istəkdir, razıyam. Amma bəzən elə olur ki, maliyyə çatışmazlığı, çətinlik olur. Onda səbirsizlik göstərmək düzdürmü?
Yaxşı yadıma gəlir, bir müddət əvvəl «Qalatasaray» ağır günlərini yaşayırdı. Futbolçular aylarla məvaciblərini ala bilmirdilər. Amma komanda həm ölkə çempionatında, həm də Avropa Çempionlar Liqasının qrup mərhələsində iddiasını davam etdirirdi. Budur peşəkarlıq! Qayıdım yenə o məktuba.
Yazıda ACF rəhbərliyinə və məşqçilər heyətinə bir mesaj da vardı: «AZƏRBAYCANDAKI AVROPA OYUNLARINDA BİABIRÇILIQ OLACAQ. Nəyin bahasına olursa olsun, Peter Zayzenbaxer qaytarımalıdır».
Bəli, Bakı-2015-də millimiz zəif çıxış etdi. O qalır cüdoçuların insafına: həqiqətən, ya qəsdən. Paytaxt meydanında yalnız Orxan Səfərov gümüş mükafatla kifayətləndi. Nəzərə alaq ki, 1-ci Avropa Oyunlarının cüdo yarışı həm də Avropa çempionatı sayılırdı, fərqlənənlər 2 medal alırdılar.
Bu nəticədən sonra federasiyanın taleyi ən yüksək səviyyədə həll olundu. Qərara alındı ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullyev ACF-in də başına keçsin. Millinin üzvləri bu xəbəri eşidər-eşitməz hərəkətə keçdilər.
Əslində, onlar ilk gündən baş məşqçi Hacıağa Hacıəhmədova dəstək verməli idilər. Birincisi, o, yerlidir. İkincisi, Peter Zayzenbaxerin dövründə bütün həssas məsələlərdə idmançılarımızın yanında olurdu. Məndə olan məlumata görə, bir gün avstriyalı mütəxəssis yığmanın üzvlərinə birbaşa aşağılayıcı söz – «sizə pampers geyindirmək lazımdır» – söyləyəndə, komandada 2-ci məşqçi olan Hacıağa Hacıəhmədov əcnəbi çalışdırıcının cavabını vermişdi. Cüdoçularımıza gəldikdə, onlar da digər növlərdə əksər başqa həmkarları kimi, nəinki orta, hətta ali təhsillərinin özu də natamam olduğundan, bunu başa duşməmişdilər. Düzü, başa düşsəydilərdə, qorxularından bir söz deməyəcəkdilər. Çünki Zayzenbaxer zamanında tatami ustalarımızın gözünün odunu almışdı.
Bəli, öncə millinin məşqçisi Mehman Əzizova, sonra baş məşqçiyə etimadsızlıq göstərən cüdoçular siyasiləşmişdilər, hətta, ola bilsin, kənardan idarə olunurdular. Artıq ox yaydan çıxmışdı. Bisavad gənclər bildiyi-bilmədiyi məsələlərə qarışır, etimadsızlıq göstərirdilər. Narazılıqlardan biri o oldu ki, dünya birinciliklərinə yollanmağa federasiya maliyyə ayırmır. Əslində, Avropa-dünya çempionatları və birinciliklərinin maliyyyəsini AGİN ayırır, onun federasiyalara heç bir aidiyyatı yoxdur.
İctimaiyyətə müjdə yayılandan sonra, nağıllardadakı kimi, hərə bir şey arzulayıb. Millinin aparıcı üzvlərindən olan Elxan Məmmədov keçmiş baş məşqçi Peter Zayzenbaxerin qayıtmasını istəmişdi. Çünki o məhz bu mütəxəssisin dövründə ilk azərbaycanlı dünya çempionu adını qazanıb.
Mənə bir şey maraqlıdır, guya köhnə federasiya qətiyyən cüdoçularımıza baxmırdı? Axı Zayzenbaxerin məvacibi heç də aşağı deyildi. Bəlkə Elnur Məmmədli olimpiya çempionu olanda, ACF ona mükafat verməyib? İnanmıram! Titullu idmançı zəfərdən öncə bildirmişdi ki, gedirəm bunların (federasiya) kassasını dağıtmağa. Bəli, getdi, sözünü tutdu və gəldi, mükafatını da aldı.
ACF ilk federasiyalardandır ki, mətbuat günündə idman jurnalistlərini bir arayı yığıb. Onları öz hesabına ölkə daxili beynəlxalq təlim-məşq toplanışını işıqlandırılmasına ezam edib. Rəhbərlik getməmişdən öncə, yenə mətbuat günündə cüdonu təbliğ edən KİV-i ətrafına yığıb, onları mükafatlandırdı, hallalaşdı. Pis-yaxşı, orada 2 həmkarım çalışıb: vitse-prezident Elnur Kələntərli və baş katib Elnur Camalxanov. Çatışmazlıq hər yerdə var. Amma həmkar həmkara badalaq vurmaz! Bu mənim üslubum deyil!
Yeni rəhbərliyi çətin dönəm gözləyir. Ərköyünləşmiş cüdoçuların ipini yığmaq üçün ciddi addımlar atmalıdır. Millinin üzvlərinə də indi uğurlu nəticə göstərmək üçün bəhanə qalmayacaq. Ölkənin ən güclü şirkəti ACF-i maliyyələşdirəcək.
«Rio-2016»ya bir ildən də az vaxt qalıb. Reytinq sıralamasına əsasən, hələlik 4 lisenziyamız var. Yeni federasiya prezidenti Rövnəq Abdullayev TV-lərə açıqlamasında, qarşıya 7 vəsiqə qazanılmasını hədəf qoyub. Çətin məsələdir, çünki qadın cüdosu məhv olur. Vaxtın dar olduğu bir dönəmdə kişilərin bütün 7 çəkidə lisenziyaya malik olunması qəliz məsələdir. Amma onların çox arzuladığı Zayzenbaxer də qaytarıldı. Görək o, nə deyəcək. Ərköyünlərin qarşısına nə ilə çıxacaq.
Amma çətin ki, bundan sonra hansısa cüdoçunun səsi gəlsin. Çünki onların dövrüü artıq bitib. Səsi çıxanın yeri də məlumdur. Bir də ki, onların istədiyi «pulun var?» arzusu da çin olub. Pulu olana tərəf gələnlər indi həmin 7 vəsiqəni versinlər, gedib medal qazansınlar.
Bəs komandada əcnəbi olacaqmı? Ən qorxulu olan da budur, Çünki vaxtilə təmiz yerli idmanqçılardan formalaşan cüdoda əcnəbi siftəsinin də dəbini bir ara gətirmək istədilər. Bunun da memarları bəlli idi. Hər halda 20 ildən artıq bu idman növündə yerli işbazların da müdaxiləsinə, təzyiqinə, hücumlarına rəğmən, imkan verməyənlərin bundan sonrakı aqibəti və ən əsası mövqeyi mənim üçün çox maraqlıdır. Gözləyək, görək
Kamran HACI