“Səbail”in qapıçısı 3 oyun cəzalandırıldı

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 24-cü turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

“Qarabağ” – “Sabah” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
“Səbail” – “Neftçi” görüşündə “ağ-qaralar”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra “dənizçilər”in futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzind  futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaq komandanın məşqçisi Elmar Baxşıyev hakimə kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan