Sabah Şəriəti: Almaniyalı rəqibimi tuşe etmişdim, buna etirazın yeri yox idi

Güləş millimizin Rio olimpiadasında ilk medalını qazanan Sabah Şəriəti (130 kq) uğurunun sevincini bürünc görüşündən dərhal sonra idman.com.az-la bölüşdü. Allsport.az saytı xəbər verir ki, iran əsilli pəhləvan həlledici görüşdə almaniyalı rəqibinin tuşe vəziyyətinə düşməsinə etirazın heç bir yeri yox idi:

– Təbrik edirik, Sabah! Bürünc medal qazandın. Bu görüş barədə nə deyə bilərsən?
– Çox sevinirəm ki, olimpiya medalını qazandım və Azərbaycan bayrağını qaldırdım. Bu illərdə çox məşq etmişəm, çox çalışmışam və bütün bunların da, şükürlər olsun, bəhrəsini gördüm. Hamıya, ilk növbədə də məşqçiyə təşəkkürümü bildirirəm.

– Rəqib ağır idimi? Fiziki baxımdan nə hiss etdin?
– Rəqibim güclü idi. Mən Avropa yarışında ona uduzmuşdum. Ancaq bu dəfə üstün oldum.

– Ona belə asan qalib gələcəyini gözləyirdin?
– O cür görünsə də, elə də asan olmadı.

– Mübahisə gedirdi ki, sən onun belini yerə vurmamısan. Hamı o an ekrana baxırdı. Sən əmin idinmi ki, problem yaranmayacaq və qələbə 100 faiz sənindir?
– Orda tuşe oldu və bu halda etirazın yeri yox idi.

– Səhər təsəlli görüşlərindən öncə uduzanda hansı hissləri keçirdin? Medal qazanacağına ümidin var idi?
– Əvvəlcə amerikalı ilə görüşün əvvəlində özümü narahat hiss etdim, bir az ağırlaşdım. Türk güləşçi ilə görüşdə də bu narahatlığım oldu. Amma şükürlər olsun ki, bürünc şansım oldu və bu fürsəti əldən vermədim.

– Sən bilirsən də, bizdə ağır çəkidə indiyədək olimpiya medalı olmamışdı. Sən ilk oldun.
– Şükürlər olsun ki, bu çəkidə ilk medalı qazandım. Bu medalı bütün Azərbaycan xalqına həsr edirəm.

Qabil MEHDİYEV, Rio de Janeyro
Foto: Dilavər NƏCƏFOV

Həmin kateqoriyadan