Tahir Gözəl: Bizə lazım olan odur ki, burdakı insanlar “Qarabağ”ı alqışlasınlar

Sabah “Qarabağ” Sevilyada eyni adlı şəhərin komandasının qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl “Sevilya” ilə matçdan öncə İspaniyaya ezam olunmuş KİV nümayəndələrinin suallarını cavablandırdı:

– Çox önəmli oyun olacaq. “Sevilya” İspaniyanın ən böyük 3 klubundan biridir. La Liqanın turnir cədvəlində “Barselona” və “Real”la aralarındakı xal fərqi 1-ə enib. Bizim iddiamız mərhələ adlamaqdır və bunun üçün şansımız var. Sabahkı oyundan çox şey asılıdır. Qurban Qurbanovla söhbət etmişəm. Sabah komandamızdan möhtəşəm oyun gözləyirəm. Nəticəni futbolda daha öncədən bilmək olmaz. Azərbaycan xalqına, Qarabağın adını dünyaya yayan komandaya yaxşı nəticə yaraşır.

– “Qarabağ” bir dəfə İspaniyada “Atletiko” ilə heç-heçə etmişdi. Sabah komandaya nə lazımdır ki, yaxşı nəticə qazansın?
– “Sevilya” və “Atletiko” fərqli oynayır. Biz “Atletiko” ilə iki dəfə heç-heçə etdik. Rəqib nəhəng klubdur. Amma biz imkansızları bacaran klubuq və komandaya inanırıq. Əsas odur ki, meydana cəsarətli çıxaq, mübarizə aparaq. Qurban Qurbanov və futbolçularla danışmışam. Sabah onlarda bu cəsarəti görmək istəyirəm. Bunu seyr edəcəyimizə inanırıq.

– “Sevilya” növbəti mərhələyə vəsiqəni təmin edib. Bu “Qarabağ”a xeyir edə bilər?
– “Qarabağ”ın adı yaxşı futbol oynayan komanda kimi tanınır və insanlar bizi ciddi qəbul edir. Mən bunun şahidi olmuşam. Klub rəhbərləri ilə danışanda deyirlər ki, “Qarabağ” sürpriz elementdir. Sabah meydanda qoçaq komanda görəcəyimə inanıram. İnanmıram ki, komanda meydana rahat çıxsın. Belə şeyə heç vaxt inanmaram.

İki gündür komanda ilə birgəsiniz. Bu oyunun önəmi də yəqin ki, sizi narahat edir. Ürəyinizdə nəticəyə inam var?
– Mən heç vaxt nəticəyə baxmamışam. Nəticə məndən asılı deyil. Özümdən asılı olan amillərə diqqət yetirirəm. “Qarabağ”ın fəlsəfəsi nəticə qazanmaq deyil. Biz sabah möhtəşəm oynamalıyıq, qorxaq olmamalıyıq, müdafiəyə çəkilməməliyik, sözümüzü deməliyik, hücuma getməli, sözümüzü deməliyik. Bizə lazım olan odur ki, sabah burdakı insanlar “Qarabağ”ı alqışlasın. Nəticəyə heç baxmıram. Qurban müəllimlə də söhbətimiz belə oldu ki, sabah “Qarabağ”ı cəsarəti və oyununa görə alqışlasınlar.

– Futbolçularla söhbətiniz olub?
– Sabah bir neçə ürək sözüm olacaq. Elə sözüm bu olacaq ki, bizi qürurlandırın. Onlara meydana 100 faiz qələbə üçün meydana çıxmalarını deməyəcəm, qismətdir və bir az da şansdır. Sabah ən möhtəşəm “Qarabağ”la meydana çıxmalarını istəyəcəm. Daha öncə bunu ediblər. Bu mesajım var onlara.

İspaniyadakı Azərbaycan səfirliyi oyuna gələcək?
– Mən bura yeni gəlmişəm. Məlumat yoxdur. 100 faiz əminəm ki olacaqlar. Lüksemburqda “Düdelanj”la oyunda səfirliyimizin dəstəyi böyük olmuşdu. O biabırçılıq zamanı əl-ələ verib, böyük qüvvə yaratmışdıq. Nəticədə də bizdən üzr istədilər. Ona görə də dəstək üçün sabah onların yolunu gözləyirik.

Həmin kateqoriyadan