Vircil Van Deyk: “Seltik” “Qarabağ”dan daha təcrübəlidir”

Şotlandiyanın “Seltik” klubunun müdafiəçisi Vircil van Deyk UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, Qlazqodakı qarşılaşmada 1:0 hesabıyla üstün olmuş Şotlandiya təmsilçisinin üzvü bunları söyləyib:

“Qarabağ”ın ötən avrokubok mövsümündəki nəticələrindən xəbərimizvar. Ona görə də biz bu rəqiblə oyuna tam hazır olmalıyıq. Bizi səfərdə çox çətin matç gözləyir”.

Van Deykin sözlərinə görə, onları səfər matçında böyük azarkeş təzyiqi gözləyir: “Rəqibimizin böyük stadionu var. Tribunalar da hər zaman dolu olur. Amma biz klubumuzun Çempionlar Liqası səviyyəsində olduğunu hər kəsə göstərməliyik”.

O, Qlazqodan Bakıya yorucu səfərdən də danışıb: “Bir neçə il öncə biz Karaqandada oynamışdıq. Ona görə də Bakıya səfərin çox uzun çəkəcəyini düşünmürəm. Biz uğur qazanmaq üçün hər şeyə hazır olmalıyıq. Qazaxıstandakı görüş mənim “Seltik”də ikinci oyunum olmuşdu. İndi məni daha böyük bir matç gözləyir”.

Müdafiəçi komandasını çox çətin matç gözlədiyini dilə gətirib: “Təbii ki, səfərdə oynamaq çətin olacaq. Amma biz rəqibimizdən daha təcrübəliyik. Futbolçularımızın da əksəriyyəti onları nə gözlədiyini yaxşı bilir. Yaxşı hazırlaşmaq lazımdır. Yaxşı dincəlmək, yemək və oyuna hazır olmaq lazımdır”.

Van Deyk komandasının oyunundan da danışıb: “Biz azarkeşlərimizin daha çox bəyənəcəyi tərzdə oynamaq istəyirik. Amma Avropada bir qədər fərqlidir. Ümid edirəm ki, qarşıdakı oyunda da özümüzü ən yaxşı tərəfdən göstərə biləcəyik”.

Həmin kateqoriyadan